Ucar rayonu, 28 May küçəsində fəaliyyət göstərən və “Ucar Ticarət Mərkəzi” MMC-yə məxsus qida məhsullarının satışı bazarında monitorinq həyata keçirilib. Yoxlama zamanı bazarda və bazar ərazisində yerləşən ictimai iaşə obyektlərində bir sıra kobud qayda pozuntuları müəyyən edilib.

​Postxronika.az Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumata istinadən xəbər verir ki, ticarət mərkəzində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələbləri pozulub. Məlumata görə, bazarda balıq, süd və süd məhsulları sanitar norma və qaydalara, gigiyena normativlərinə riayət edilmədən satışa çıxarılır, ictimai iaşə obyektlərində isə sanitar-gigiyenik tələblər ümumiyyətlə gözlənilmir.

​Yoxlamalar nəticəsində məlum olub ki, diri balıqların saxlanması, satışı və təmizlənməsi üçün müvafiq şərait yaradılmayıb. Balıqlar sanitar-gigiyenik qaydalar gözlənilmədən birbaşa satış sahəsində təmizlənir və soyuducuda saxlanılmır. Süd və süd məhsulları isə tələb olunan temperatur rejiminə riayət edilmədən açıq şəraitdə nümayiş etdirilir. Həmçinin, qida ilə təmasda olan şəxslərin ilkin və dövri tibbi müayinədən keçmədiyi, balıq və süd məhsullarının müşayiətedici baytarlıq sənədlərinin (ekspertiza aktı, baytarlıq arayışı və s.) yoxlamaya təqdim edilmədiyi aşkarlanıb. İctimai iaşə obyektlərinin əsas və yardımçı sahələrində lazımi təmizlik işlərinin aparılmadığı, qida hazırlanarkən sanitar qaydaların pozulduğu müəyyənləşib.

​Aşkar olunmuş faktlarla bağlı bazarın rəhbəri barəsində inzibati protokol tərtib edilərək o, inzibati məsuliyyətə cəlb edilib. Mövcud nöqsanlar tam aradan qaldırılanadək bazarda balıq, süd və süd məhsullarının satışı sahələrinin, eləcə də ictimai iaşə obyektlərinin fəaliyyəti məhdudlaşdırılıb.

​Mövzu ilə bağlı hazırlanan video-materialı təqdim edirik: