“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov 4-cü “Yüksəliş” müsabiqəsinin Mentorluq proqramı çərçivəsində müsabiqə qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı ilə proqramın nəticələrinə həsr olunmuş yekun görüş keçirib.
Postxronika.az xəbər verir ki, bir ili əhatə edən Mentorluq proqramının yekunlarına dair görüşdə Zakir İbrahimov qaliblərin ötən müddət ərzindəki aktivliyini və fərdi inkişaf planı üzrə əldə etdikləri nailiyyətləri yüksək qiymətləndirib. QSC sədri vurğulayıb ki, Prezident cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən “Yüksəliş” müsabiqəsi ölkəmizdə müasir idarəçilik prinsiplərinə yiyələnmiş yeni nəsil rəhbər kadrların yetişməsində müstəsna rol oynayır.
Görüş zamanı proqram müddətində müzakirə olunan bir sıra vacib mövzuların qaliblərin gələcək fəaliyyətlərində tətbiqi ətrafında fikir mübadiləsi aparılıb:
Dövlət idarəetmə metodları
Strateji qərarların qəbulu
Korporativ idarəçilik
Səmərəli kommunikasiya
“Yüksəliş” müsabiqəsinin qalibləri Aslan Həsənli və Rüfət Məmmədxanlı il ərzində göstərilən diqqətə, yaradılan şəraitə və zəngin idarəçilik təcrübəsini onlarla bölüşdüyünə görə mentor Zakir İbrahimova minnətdarlıqlarını bildiriblər. Qaliblər əldə etdikləri bilik və bacarıqların onların liderlik keyfiyyətlərinin formalaşmasında həlledici rol oynadığını qeyd ediblər.
Tədbirin yekununda Zakir İbrahimov gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb və Mentorluq proqramını müvəffəqiyyətlə başa vuran hər iki qalibə Xasiyyatnamə təqdim edib.