Fevralın 27-də Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli ölkəmizə rəsmi səfəri çərçivəsində “ASAN xidmət” mərkəzini ziyarət edib.
Postxronika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və innovasiyalar sahəsində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib.
Görüş zamanı qonağa “ASAN xidmət” mərkəzlərinin fəaliyyətində tətbiq olunan müxtəlif texnoloji həllər ilə bağlı təqdimat nümayiş etdirilib. Milli brendimiz olan təşkilatın intellektual məhsul kimi ixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalandığı diqqətə çatdırılıb. Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş bu konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədə təşviq edir.
Məlumat üçün bildirilib ki, Dövlət Agentliyi ilə həyata keçirilmiş əməkdaşlığın nəticəsi olaraq 2025-ci ilin iyun ayında Efiopiyanın Əddis-Əbəbə şəhərində ölkəmizin konsepsiyası əsasında ilk “MESOB” dövlət xidmətləri mərkəzi fəaliyyətə başlayıb. Xatırladaq ki, 2024-cü ilin may ayında tərəflər arasında bununla bağlı Anlaşma Memorandumu imzalanmışdı. Sənədin icrası çərçivəsində Dövlət Agentliyi tərəfindən Efiopiyadan olan dövlət qulluqçuları üçün təlimlər keçirilib, xidmətlərin vahid standartı müəyyən edilib və mərkəzlərdə istifadə olunan texnoloji həllər əsasında tövsiyə sənədləri formalaşdırılıb. Efiopiyanın Baş naziri ölkəsində bu xidmətin qurulmasına görə Azərbaycan dövlətinə xüsusi təşəkkürünü ifadə edib.
Daha sonra Səyyar ASAN xidmətin fəaliyyəti ilə tanış olan Baş nazir vətəndaşların dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsində mühüm rol oynayan bu layihəni yüksək qiymətləndirib. O, sözügedən təcrübənin də yaxın zamanda Efiopiyada tətbiq olunacağını qeyd edib.
Ziyarətin sonunda qonağa “INNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzi, “Bilim Bakı” mərkəzi və "ABAD" publik hüquqi şəxsin fəaliyyəti barədə də ətraflı məlumat verilib.