''Cambodian Beer Dreams'' adlı sənədli film Danimarkada keçiriləcək ''CPH:DOX'' beynəlxalq sənədli film festivalında dünya premyerasını edəcək. Filmin rejissoru Laurits Nansen layihədə sürətlə böyüyən pivə bazarının sosial və etik nəticələrini araşdırır. Ekran işi yoxsulluq və zəif tənzimləmə şəraitində alkoqol sənayesinin təsirini ön plana çıxarır. Hadisələr əsasən Phnom Penh şəhərində cərəyan edir və bazar uğrunda rəqabətin cəmiyyətə təsiri göstərilir. Film beynəlxalq və yerli şirkətlərin aqressiv reklam strategiyalarını və bunun doğurduğu sosial problemləri diqqət mərkəzinə gətirir.
Postxronika.az xəbər verir ki, sənədli film Kambocada alkoqol istehlakının son 20 ildə beş dəfə artmasını araşdıran faktlara əsaslanır. Layihə pivə sənayesinə qarşı mübarizə aparan fəal Kim Engin alkoqol qanununun qəbuluna yönəlmiş fəaliyyətini izləyir. Ölkədə içki üçün yaş məhdudiyyətinin olmaması və zəif nəzarət mexanizmləri istehlakın artmasına şərait yaradan əsas səbəblərdən biri kimi təqdim olunur. Filmdə xüsusilə gənc qadınların “içki satan qız” kimi işə cəlb edilməsi və pul mükafatlı kampaniyalarla əhalinin daha çox içkiyə təşviq edilməsi tənqid olunur. Rejissor bəzi transmilli şirkətlərin, o cümlədən ''Carlsberg'' və ''Heineken'' kimi istehsalçıların regionda tətbiq etdiyi metodların Avropada qəbuledilməz sayılacağını vurğulayır. Nansen layihəni şəxsi təcrübəsindən də ilhamlanaraq hazırladığını və alkoqolun insan həyatına dağıdıcı təsirlərini göstərmək istədiyini bildirir. Film həm iqtisadi maraqlar, həm də ictimai məsuliyyət arasındakı ziddiyyəti sərt şəkildə gündəmə gətirir.