Rusiya Müdafiə Nazirliyi 21–27 fevral tarixləri aralığında Ukraynada həyata keçirilən hərbi əməliyyatların həftəlik yekunlarını açıqlayıb.
Postxronika.az xəbər verir ki, Rusiya qoşunları son bir həftə ərzində Xarkov, Zaporojye, Dnepropetrovsk və Donetsk regionlarında dörd yaşayış məntəqəsini — Qrafskoye, Karpovka, Krasnoznamenka və Rizdvyankanı nəzarətə götürüblər. Hesabat dövründə Ukraynanın hərbi-sənaye müəssisələrinə, energetika və nəqliyyat infrastrukturuna, həmçinin PUA istehsalı mərkəzlərinə qarşı 2 kütləvi və 6 kompleks dəqiq zərbə endirilib.
Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, müxtəlif qoşun qruplaşmalarının əməliyyatları nəticəsində Ukrayna tərəfi həftə ərzində 8700-dən çox hərbçi, çox sayda zirehli texnika və Qərb istehsalı olan artilleriya sistemlərini itirib. Hava hücumundan müdafiə vasitələri ilə 2041 PUA, 50 "HIMARS" raketi, həmçinin "Neptun" və "Flamingo" qanadlı raketləri zərərsizləşdirilib. Bildirilib ki, hərbi əməliyyatlar başlayandan bu günədək Ukraynanın ümumi itkiləri 670 təyyarə, 283 helikopter və 117 mindən çox pilotsuz uçuş aparatına çatıb.