İran kinosunun tanınmış nümayəndələrindən olan Məcid Məcidi 1999-cu ildə çəkdiyi "Cənnətin Rəngi" (Rang-e Khodā) filmi ilə təkcə bir uşağın hekayəsini danışmır, həm də inancın və varlığın mahiyyətinə toxunur. Rejissor filmdə fiziki məhdudiyyəti mənəvi bəsirətə çevirir. Film anasını itirmiş, Tehranın görmə məhdudiyyətlilər üçün internat məktəbində oxuyan səkkiz yaşlı Məhəmmədin yay tətilində atası Haşım tərəfindən kəndə aparılmasından və bu zaman ata ilə oğul arasındakı qopuqluqdan bəhs edir. Məcidinin bu əsəri insani dəyərləri və mənəvi zənginliyi axtaran "əxlaq kinosu” kimi qəbul edilir deyə bilərik.

Reallıq simvollarla birləşir

1979-cu il İslam İnqilabından sonra İran kinosu sərt senzura və məhdudiyyətlərlə qarşılaşdı. Lakin bu qadağalar rejissorları daha simvolik və üstüörtülü bir ifadə tərzi inkişaf etdirməyə sövq etdi. Məcid Məcidi isə, uşaqların məsumluğu vasitəsilə ictimai və mənəvi tənqidləri ehtiva edən üslubu ilə seçilirdi.

"Cənnətin Rəngi" rejissorun yaradıcılığında dönüş nöqtəsidir; o, filmdə dini mövzuları nəsihətçi dillə deyil, təbiət sevgisi çərçivəsində birləşdirərək "Allahın hər yerdə olması" ideyasını işləyir. İtalyan Neorealizmindən bəhrələnən Məcidi bu cərəyanı fars ədəbiyyatı və sufi mistisizmi ilə zənginləşdirib. Məhəmməd obrazı sadəcə fiziki məhdudiyyəti olan bir uşaq deyil, həyatı şükranla qarşılayan "arif" nümunəsi kimi bizlərə təsir edir.

Mənəvi baxışı nə dəyişir?

"Cənnətin Rəngi" İslam ilahiyyatındakı şər və əzab probleminə kinematoqrafik cavab axtarır. Məhəmmədin fiziki məhdudiyyəti atası üçün yük kimi qəbul edilsə də, uşağın özü üçün Tanrını hiss etməyin ən saf yoluna çevrilir. Filmin təsirli səhnələrinin birində Məhəmməd özü kimi fiziki məhdudiyyəti olan dülgər ustasına müəlliminin sözlərini danışır: "Allah görmə məhdudiyyəti olanları daha çox sevir, çünki Onu görə bilmədikləri üçün Onu daha yaxşı hiss edə bilirlər". Lakin o, "Əgər elə olsaydı, Allah Onu görə bilməyimiz üçün bizə göz verərdi" deyərək bunu sorğulayır. Dülgərin cavabı isə sufi təliminin özəyidir: "Allah görünməzdir, O hər yerdədir. Onu barmaq uclarınla hiss edə bilərsən".

Şükürlə üsyan arasında qalan ruh

Filmdəki əsas qarşıdurma Məhəmmədin şükür hissi ilə atası Haşımın naşükürlüyü arasındadır. Haşım həyatını məzlumluq hekayəsi kimi qurub; yoxsuldur, həyat yoldaşı vəfat edib və fiziki məhdudiyyətli övladı var. Onun kömür işçisi olması metaforik seçimdir və o, təbiətin gözəlliklərini qaranlıq kömürə çevirən simadır. Haşımın Tanrıya üsyanı "Nə üçün bu böyük Allah məni bu səfalətdən qurtarmır?" sualında təzahür edir. Məhəmməd isə əksinə, küləyin səsini dinləyir və buğda sünbüllərini Allahın məktubu kimi oxuyur.

Təbiət öz dili ilə danışır

Məcidi filmin atmosferini qurarkən təbiətdən sadəcə fon deyil, canlı obraz kimi istifadə edir. Operator Məhəmməd Davudi Məhəmmədin dünyasını əks etdirmək üçün təbii işıqdan və genişbucaqlı obyektivlərdən məharətlə yararlanıb. Çəkilişlər əsasən İranın şimalındakı Gilan və Mazandaran vilayətlərində aparılıb. Məcidi təbiətin həm şəfqətli, həm də hürkütücü ola bildiyini göstərir.

Məhəmmədin əlləri ilə ağac gövdəsini və ya daşları incələdiyi yaxın kadrlar izləyiciyə toxunma hissini yaşadır. Bu vizual dil Məhəmmədin həssaslığı ilə Haşımın bu gözəlliklərə qarşı mənəvi uzaqlığını kəskin şəkildə fərqləndirir.

Səslər filmin mahiyyətini tamamlayır

Səs dizayneri Hüseyn Məhdavi Məhəmmədin dünyasını ifadə etmək üçün təbii səsləri (quş civiltiləri, külək və su səsi) ön plana çıxarıb. Filmin ilk iki dəqiqəsində ekranın qaranlıq olması və yalnız kaset pleyerinin səsinin eşidilməsi izləyicini Məhəmmədin vəziyyətinə salır. Məhəmməd quşların dilini anlamağa çalışan "arif" kimi başını əyir; onun eşitdiyi səslər Allahın kəlamı olduğu halda, Haşım üçün eyni səslər sadəcə istehzalı qəhqəhədir. 

Həqiqi duyğular inandırıcılığı təmin edir

Filmin uğurunda baş rol ifaçısı Mohsen Ramezaninin xüsusi payı var. Məcidi peşəkar aktyor əvəzinə həqiqətən görmə məhdudiyyəti olan birini seçərək filmin inandırıcılığını artırıb. Mohsen Tehrandakı görmə məhdudiyyətlilər məktəbində təxminən 3000 uşaq arasından seçilib. O, süni hissiyyatlardan uzaq, səmimi performans göstərib. Filmdəki bir çox səhnə Mohsenin real həyatındakı düşüncələri və hissləri əsasında qurulub. Çəkilişlər zamanı onun təbiətlə bağı bütün heyəti təsirləndirib. Məcidi çəkilişlərdən əvvəl Mohsenlə meşələri gəzərək, onun dünyanı necə hiss etdiyini anlamağa çalışıb.

Hətta nənə rolunu oynayan qadın sözlərini unudanda, fiziki məhdudiyyəti olan Mohsen ona kömək edib. Bu performansı ona beynəlxalq şöhrət qazandırıb və o zamankı prezident tərəfindən mükafatlandırılıb.

Filmin adı fərqli mənalar daşıyır

Filmin orijinal adı "Rang-e Khoda" hərfi mənada "Allahın Rəngi" deməkdir. Lakin beynəlxalq yayımda "The Color of Paradise" (Cənnətin Rəngi) olaraq dəyişdirilib. Bunun səbəbi Qərb bazarında "Allahın Rəngi" başlığının çox doqmatik görünə biləcəyi ehtimalı və "Cənnətin Rəngi" ifadəsinin Məhəmmədin qəlbi ilə hiss etdiyi təbiəti yer üzü cənnəti kimi təsvir etməyə daha uyğun görülməsidir. Buna baxmayaraq, tənqidçilər orijinal adın mövzunu daha yaxşı əks etdirdiyini bildirir.

Qeyri-müəyyən

Məcidi fars şairləri Hafiz, Sədi və Rumidən təsirlənib. Filmdə quşlardan istifadə edilməsi Əttarın "Məntiqut-teyr" əsərinə işarədir. Məcidinin metodu "parlaq detallar" üzərindən irəliləyir və o, bütün hekayəni nəql etmək əvəzinə, itmiş ayaqqabı və ya bir balıq kimi detallarla məna qurur. Filmin sonundakı qeyri-müəyyənlik də bu metodun nəticəsidir. Məhəmmədin ilahi nura qovuşub-qovuşmaması isə izləyicinin mənəvi hazırlığına buraxılır.

Müjgan Əhməd