ABŞ və İsrailin şənbə günü İrana qarşı başlatdığı müştərək hərbi əməliyyatlar nəticəsində Tehran daxil olmaqla, ölkənin əsas şəhərləri ağır hava zərbələrinə məruz qalıb. Yerli dövlət televiziyası Ali Rəhbər Əli Xameneinin fevralın 28-də iqamətgahına edilən hücumda həyatını itirdiyini təsdiqləyərək respublikada 40 günlük matəm elan edib.

Postxronika.az xarici mənbələrə istinadən xəbər verir ki, Birləşmiş Ştatların müdafiə naziri Pit Heqset bu münaqişəni Vaşinqtonun başlatmadığını, lakin qarşı tərəfin raket potensialı və donanmasını məhv edərək prosesə nöqtə qoyacaqlarını bildirib. Mövcud hərbi eskalasiyaya cavab olaraq İslam İnqilabı Keşikçiləri Korpusu Təl-Əvivə raket zərbələri endirib, həmçinin altı ərəb dövlətindəki Amerika hərbi bazalarını hədəfə alıb. Regionda yaranmış böhranla əlaqədar qonşu dövlətlər hava məkanlarını bağlayıb, aviaşirkətlər isə bütün uçuşları təcili olaraq dayandırıb.