İsrail Müdafiə Qüvvələri (İDQ) Tehranın mərkəzindəki strateji hədəflərə qarşı irimiqyaslı hava hücumlarına başladığını elan edib. Rəsmi açıqlamaya əsasən, kəşfiyyatın rəhbərliyi ilə həyata keçirilən bu əməliyyatdan öncə İsrail aviasiyası paytaxta yol açmaq məqsədilə havada tam üstünlüyü təmin edib.
Postxronika.az xəbər verir ki, Təl-Əvivin zərbələrin yalnız hərbi obyektlərə yönəldiyini iddia etməsinə baxmayaraq, xarici mətbuatda əhali arasında xeyli ölüm halının olduğu vurğulanır. İranın BMT-dəki səfiri Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının təcili iclasında ABŞ və İsrailin birgə müdaxiləsi nəticəsində yüzlərlə dinc sakinin həyatını itirdiyini, eləcə də yaralandığını diqqətə çatdırıb. Diplomat qarşı tərəfi müxtəlif şəhərlərdəki yaşayış məhəllələrini qəsdən hədəfə almaqda kəskin şəkildə günahlandırıb.