İspaniyanın kino sahəsində ən nüfuzlu mükafatlarından birində ailə dramı ''Sundays'' əsas mükafatı qazanaraq diqqət mərkəzinə çevrilib. Filmin rejissoru Alauda Ruiz de Azúa ilin ən yaxşı filmi və rejissoru seçilib. Baş rola görə Patricia López Arnaíz mükafat alıb, ikinci plan aktrisası kimi isə Nagore Aramburu fərqlənib. Ekran işi daha əvvəl San Sebastián festivalında “Qızıl qabıq” mükafatına layiq görülmüşdü. Distopik dram Sirāt isə əsas mükafatı itirsə də, bir neçə texniki kateqoriyada qalib olub.


Postxronika.az xəbər verir ki, xarici mediaya istinadən mərasim Barselona şəhərində keçirilib və Oliver Laxe imzalı film səs, operator işi, montaj və musiqi daxil olmaqla altı mükafat qazanıb. Rejissor Eva Libertad tərəfindən çəkilən ''Deaf'' filmi də bir neçə nominasiyada qalib gələrək seçilib və aktrisa Miriam Garlo yeni ulduz kimi mükafatlandırılıb. Ən yaxşı yeni aktyor mükafatı Toni Fernández Gabarre-yə, onun Guillermo Galoe imzalı ''Sleepless City'' filmindəki roluna görə verilib. Avropa kinosu üzrə ən yaxşı film mükafatı Joachim Trierin Sentimental Value ekran işinə təqdim olunub. İbero-Amerika filmi kateqoriyasında isə Dolores Fonzi-nin Belén layihəsi qalib elan edilib.

Mərasim siyasi mesajlarla da yadda qalıb. Aparıcılardan Luis Tosar səhnəyə Fələstin bayrağı nişanı ilə çıxaraq Qəzzadakı vəziyyəti kəskin tənqid edib. Bir sıra qaliblər də çıxışları zamanı oxşar şüarlar səsləndirərək mövqelərini nümayiş etdiriblər.