ABŞ-də keçirilən ''NAACP Image Awards'' mərasimində aktrisa Viola Deyvis emosional çıxışı ilə diqqət mərkəzinə düşüb. O, tədbirdə ''Chairman’s Award'' mükafatına layiq görülərək həyat yolu, uğurları və cəmiyyətin bugünkü vəziyyəti haqqında danışıb. Aktrisa uşaqlıqda yoxsulluq şəraitində böyüdüyünü xatırladaraq şəxsi inkişafın öz həqiqətini qəbul etməkdən başladığını vurğulayıb. O, insanın daxili gücü ilə dəyişə biləcəyini bildirərək “tacımız artıq alınıb, sadəcə onu taxmalıyıq” fikri ilə çıxışını yadda qalan mesajla tamamlayıb.
Postxronika.az xəbər verir ki, xarici mediaya istinadən Deyvis çıxışında cəmiyyətə görünməyən qəhrəmanlara da xüsusi təşəkkür edib. O, ehtiyacı olanlara yardım edən insanları və xəstələrə qulluq göstərənləri əsl nümunə adlandırıb. Tədbirdə həmçinin Colman Domingo Prezident mükafatını alıb, Salt-N-Pepa və DJ Spinderella isə Şöhrət Zalına daxil edilib.
Mərasimdən əvvəl keçirilən virtual təqdimatlarda da bir sıra qaliblər açıqlanıb. Qaliblər arasında Mişell Obama, prodüser Uill Pekr, eləcə də musiqiçilər Kendrik Lamar, SZA və Kardi B yer alıb. Bir neçə televiziya və əyləncə layihəsi də müxtəlif nominasiyalar üzrə mükafatlandırılıb. Tədbir qaliblərin çıxışları və sosial mesajları ilə yadda qalıb.