Lənkəran rayonunda evlərdən silsilə oğurluqlar törədən şəxs polis əməkdaşları tərəfindən ifşa edilib. Araşdırmalar zamanı məlum olub ki, naməlum şəxs müxtəlif vaxtlarda rayon ərazisində yerləşən 7 fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan pul, qızıl-zinət əşyaları və müxtəlif məişət avadanlıqları talayıb.
Postxronika.az xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində həmin əməlləri törətməkdə şübhəli bilinən 34 yaşlı Orxan Quluzadə saxlanılıb. Saxlanılan şəxs istintaqa cəlb olunub və törətdiyi cinayət əməllərini etiraf edib.
Faktla bağlı cinayət işi başlanılıb, O.Quluzadə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Hazırda hadisənin digər detallarının müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.