Azərbaycan Badminton Federasiyası ilə Dünya Badminton Federasiyasının (BWF) birgə əməkdaşlığı çərçivəsində artıq bir neçə ildir uğurla davam etdirilən “Shuttle Time” proqramının 2026-cı il üzrə tətbiqinə başlanılıb.
Postxronika.az xəbər verir ki, layihənin cari ildəki ilk icrası Gəncə şəhərində yerləşən Mir Cəlal Paşayev adına 39 nömrəli tam orta məktəbdə reallaşdırılıb. Təlimlərə 50-dən çox məktəbli cəlb olunub və onlar federasiya mütəxəssislərinin rəhbərliyi altında badmintonun həm nəzəri, həm də praktik incəliklərinə yiyələniblər.
BWF tərəfindən hazırlanan və dünyanın ən yaxşı badminton layihələrindən biri hesab edilən bu proqram əyləncəli oyun metodları vasitəsilə uşaqların sürət, çeviklik və koordinasiya kimi fiziki bacarıqlarını inkişaf etdirməyə xidmət edir. Layihənin əsas məqsədi ölkəmizdə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə marağı artırmaq və perspektivli gənc məşqçilər yetişdirməkdir. Qeyd edək ki, “Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, həmçinin Elm və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir. Proqramın il boyu müxtəlif regionlarda davam etdirilməsi nəzərdə tutulur.