"Azərbaycan Dəmir Yolları" (ADY) QSC son günlər hərəkətdə olan qatarlara qarşı törədilən vandalizm aktları ilə bağlı sərt xəbərdarlıq yayıb.
Postxronika.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadla xəbər verir ki, son 10 gün ərzində sərnişin qatarlarına 5 dəfə daş atılması faktı qeydə alınıb.
Bu təhlükəli hərəkətlər nəticəsində qatarların şüşələri və gövdə hissəsi ciddi zədələnib. Qurum bəyan edib ki, atılan hər bir daş təkcə dövlət əmlakına deyil, həm də qatar heyətinin və yüzlərlə sərnişinin həyatına birbaşa təhlükə yaradır. Hazırda bu vandalizm aktlarını törədən şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində hüquqi araşdırmalar aparılır. ADY sərnişinlərin təhlükəsizliyini təmin etmək və ümumi sərvətimiz olan qatarları qorumaq üçün hər kəsi bu cür əməllərdən çəkinməyə çağırır.