Lii İsak Çanq ''Warner Bros.'' studiyasının hazırladığı ''Ocean’s Eleven'' franşizasının prequel (öncül hekayə) layihəsindən ayrılıb. Rejissorun studiya və prodüser komandası ilə bir müddətdir üzərində işlədiyi layihədən getməsi yaradıcılıq fərqləri ilə izah olunur. Filmə baş rollarda Marqo Robbi və Bredli Kuperin çəkilməsi planlaşdırılırdı. Robbi eyni zamanda layihənin prodüserlərindən biri kimi çıxış edir və film onun ''LuckyChap'' şirkəti vasitəsilə hazırlanır.


Postxronika.az xəbər verir ki, studiya nümayəndələri rejissorun layihədən dostcasına ayrıldığını və tərəflər arasında hər hansı münaqişənin olmadığını bildiriblər. ''Warner Bros.'' və ''LuckyChap'' şirkətlərinin yadığı birgə açıqlamada Çanqın istedadlı kino yaradıcılarından biri olduğu vurğulanıb və gələcək layihələrdə onunla yenidən əməkdaşlıq etmək istəyi ifadə edilib. Filmin süjet detalları hələlik açıqlanmayıb, ssenarini isə Kerri Solomon yazıb.