Martın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

Postxronika.az xəbər verir ki, iki ölkənin baş diplomatları regionda cərəyan edən son proseslər ətrafında müzakirələr aparıblar. Tərəflər yaranmış vəziyyətlə bağlı narahatlıqlarını ifadə edərək, bölgədə vəziyyəti daha da gərginləşdirəcək addımlardan qaçmağın zəruriliyini diqqətə çatdırıblar. Söhbət zamanı təhlükəsizliyin və sabitliyin bərqərar olmasının vacibliyi xüsusi vurğulanıb.

Nazir Ceyhun Bayramov martın 5-də Naxçıvan Muxtar Respublikası ərazisinə edilən, mülki infrastrukturun zədələnməsi və dinc sakinlərin yaralanması ilə nəticələnən dron hücumları barədə erməni həmkarını ətraflı məlumatlandırıb.

Telefon danışığının yekununda XİN rəhbərləri Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin edilməsinin önəmini bir daha təsdiqləyərək, qarşılıqlı maraq kəsb edən digər mövzular ətrafında da fikir mübadiləsi aparıblar.