Fransa və Azərbaycan İran ətrafında artan gərginlik fonunda strateji dialoqu yenidən bərpa edib. Bu barədə Fransanın kəşfiyyat dairələrinə yaxın olan "Intelligence Online" nəşri məlumat yayıb.

Postxronika.az xəbər verir ki, martın 3-də Fransanın xarici işlər naziri Jan-Noel Barro azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığı zamanı fransız vətəndaşlarının İrandan təxliyəsinə göstərilən yardıma görə rəsmi Bakıya təşəkkürünü bildirib. Nəşrin məlumatına görə, bu təmas həmçinin regional təhlükəsizlik və ikitərəfli münasibətlər üzrə geniş müzakirələrin başlanmasına zəmin yaradıb. Vurğulanır ki, qonşu ölkədəki hərbi toqquşmalar səbəbindən yüksək hazırlıq vəziyyətində olan Azərbaycan münaqişənin ilk günlərində həm İsrailə, həm də İrana prosesin daha böyük eskalasiyaya çevrilməməsi üçün xəbərdarlıq siqnalları göndərib. Rəsmi Bakının hərbi potensialı və Cənubi Qafqazdakı coğrafi mövqeyi regionda vəziyyətin nisbətən sabit qalmasını təmin edən vacib amillərdən biri kimi qiymətləndirilir.