Son 48 saat ərzində İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) onlarla zabiti ehtimal olunan hücumlardan ehtiyat edərək Beyrutu tərk edib.

Postxronika.az "Axios" nəşrinə istinadən xəbər verir ki, əvvəllər Livan paytaxtındakı İran səfirliyində çalışan bəzi hərbçilər artıq ölkədən gediblər. Lakin "Hizbullah"la koordinasiyanı təmin etmək məqsədilə SEPAH-ın kiçik bir nümayəndə qrupu hələ də Beyrutda fəaliyyətini davam etdirir. İsrail mənbələrinin iddiasına görə, 1982-ci ildən bəri Livan ərazisində güclü təsirə malik olan İran qüvvələrinin ölkədən çıxması yaxın günlərdə də intensivləşə bilər. Məlumata əsasən, martın 4-də SEPAH Livandakı nümayəndələrinə 24 saat ərzində ölkəni tərk etmələri barədə xəbərdarlıq edib və əks halda İsrail ordusunun onları olduqları yerdə məhv edəcəyini bildirib.