Bu gün saat 07:00 radələrində Bakı-Şamaxı avtomobil yolunun 11-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib. Sərxan Kazımovun idarə etdiyi “Kamaz” markalı yük avtomobili dayanacaqda dayanmış “Daewoo” markalı sərnişin avtobusu ilə toqquşub.

Postxronika.az xəbər verir ki, qəza nəticəsində yük avtomobilinin sürücüsü, eləcə də Bəylər Yusibovun idarə etdiyi 114 nömrəli marşrut avtobusunun 3 sərnişini xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər. Hazırda hadisə ilə bağlı müvafiq araşdırma aparılır.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) verilən məlumata görə, son vaxtlar eyni istiqamətdə və eyni hərəkət zolağında hərəkət edən nəqliyyat vasitələrinin toqquşması ilə nəticələnən qəzaların sayında artım müşahidə olunur. Qurum bəyan edir ki, bu cür hadisələr əksər hallarda sürücülərin diqqəti yayındıran hərəkətlərə yol verməsi, yorğun və ya yuxusuz halda sükan arxasına əyləşməsi, eləcə də ara məsafəsini düzgün seçməməsi ilə əlaqədardır.

BDYPİ bir daha sürücülərə müraciət edərək avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyi, iş və istirahət rejiminə, habelə yol hərəkəti qaydalarına ciddi əməl etməyi tələb edib.