"The Telegraph" nəşrinin məlumatına görə, braziliyalı funksioner Edu Qaspar "Nottinqem Forest" klubunun futbol rəhbəri vəzifəsindən istefa verir.
Postxronika.az xəbər verir ki, məşq meydançasından və ev stadionundan kənarlaşdırılan mütəxəssis artıq komandanın son üç oyununda iştirak etməyib. "Arsenal"dakı uğurlu fəaliyyətindən sonra 2025-ci ilin iyulunda yeni işinə başlayan direktorun səkkiz aylıq idarəçiliyi dövründə kollektivdə dörd baş məşqçi (Nuno Espirito Santo, Angelos Postekoqlu, Şon Dayç və hazırkı çalışdırıcı Vitor Pereyra) dəyişib. Həmin müddətdə transferlərə təxminən 200 milyon funt-sterlinq (232,4 milyon avro) xərclənsə də, nəticələr qənaətbəxş olmayıb və komanda hazırda Premyer Liqada 28 xalla 17-ci pillədə qərarlaşıb. Edunun kənardan izlədiyi son matç "Mançester Siti" ilə 2:2 hesablı bərabərliklə yekunlaşıb. Braziliyalı rəhbərin rəsmi gedişinin cari mövsümün sonunadək elan ediləcəyi gözlənilir.