Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ və onun Yaxın Şərqdəki müttəfiqlərinin İranın "Şahid" pilotsuz uçuş aparatlarına qarşı mübarizədə Kiyevin təcrübəsindən yararlanmaq istədiyini açıqlayıb.

Postxronika.az xəbər verir ki, dövlət başçısının sözlərinə görə, son günlər Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn, İordaniya və Küveyt liderləri ilə bu istiqamətdə mümkün əməkdaşlıq məsələləri müzakirə olunub. Ukrayna lideri vurğulayıb ki, tərəfdaşlara dəstək yalnız ölkənin öz müdafiə qabiliyyətini zəiflətmədiyi və Rusiyanın işğalının qarşısını almaq üçün göstərilən diplomatik səylərə mənfi təsir etmədiyi təqdirdə təmin ediləcək. O, Moskva və Tehranın yaxın müttəfiq kimi birgə hərəkət etdiyini, İranın silah tədarükü müqabilində Rusiyadan müdafiə sənayesinin inkişafı üçün dəstək aldığını diqqətə çatdırıb. Müharibənin Tədqiqi İnstitutunun (ISW) məlumatına əsasən, bu ərəfədə Ukrayna ordusu 1250 kilometrlik cəbhə xətti boyunca düşmən qüvvələrini geri oturdaraq lokal əks-hücumlar nəticəsində fevralın son iki həftəsində itirdiyindən daha çox ərazini azad edib. Vaşinqtonda yerləşən beyin mərkəzinin hesablamalarına görə, yanvarın 1-dən bəri geri alınan ərazilərin ümumi sahəsi təxminən 257 kvadratkilometr təşkil edir.