Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamı Xələf Əhməd əl-Habtoor ABŞ və İsrailin son hərbi əməliyyatları fonunda Donald Trampa kəskin məzmunlu açıq məktub ünvanlayıb. Milyarder Ağ Ev rəhbərini "yalnız Amerikanı düşünmək" vədini pozmaqda və Yaxın Şərqi İranla genişmiqyaslı toqquşmalara cəlb etməkdə günahlandırıb.
Postxronika.az xəbər verir ki, sahibkar bu təhlükəli qərarların müstəqil şəkildə, yoxsa İsrailin Baş naziri Benyamin Netanyahunun təzyiqi ilə verildiyini sorğulayıb. Eyni zamanda, o, Trampın yalnız bir il ərzində verdiyi xarici hava hücumu əmrlərinin sayına görə vaxtilə özünün tənqid etdiyi Co Bayden dövrünü geridə qoyduğunu və bu müdaxilələrin ABŞ vergi ödəyicilərinə milyardlarla dollara başa gələcəyini xatırladıb. Sonda əl-Habtoor Körfəz dövlətlərinin sülh təşəbbüslərinə maddi dəstək verdiyini diqqətə çatdıraraq, əslində sülhü, yoxsa bölgəni təhdid edən fəlakətli bir müharibəni maliyyələşdirdiklərini aydınlaşdırmağı tələb edib.