Müasir dünyada qadın və kişi hüquqlarının bərabərliyi sivil cəmiyyətin əsas sütunlarından biri hesab olunur. Bu gün qadınlar həyatın hər bir sahəsində — elmdən siyasətə, idmandan sənətə qədər özlərini təsdiq edir, milyonlarla uğur hekayəsi yazırlar. Lakin bu azadlıq və nüfuz onlara asanlıqla nəsib olmayıb. Qadının cəmiyyətdəki mühüm rolu hələ Paleolit dövründən, yəni ana xaqanlığı zamanından başlasa da, Tunc dövründən etibarən bu mövqe zəifləməyə başlamışdı. 8 Mart Beynəlxalq Qadınlar Günü isə məhz itirilmiş haqların bərpası və qadın iradəsinin yenidən oyanışının tarixi rəmzidir.

Bu xüsusi günün tarixi, əslində, bir bayram kimi deyil, böyük bir etiraz dalğası ilə başlayıb. 1857-ci ilin 8 martında ABŞ-ın Nyu-York şəhərində toxuculuq sektorunda çalışan yüzlərlə qadın aşağı maaşa, dözülməz iş şəraitinə və uzun iş saatlarına qarşı ayağa qalxdı. Polisin sərt müdaxiləsi ilə dağıdılan bu nümayiş, qadın hərəkatının ilk böyük dalğası kimi tarixə düşdü. Yarım əsr sonra, 1908-ci ildə yenə Nyu-Yorkda 15 min qadın daha qısa iş günü, bərabər əməkhaqqı və səsvermə hüququ tələbi ilə küçələrə axışdı. Onların nümayişdəki əsas şüarı "Çörək və Gül" idi. Burada "çörək" iqtisadi təminatı və həyat eşqini, "gül" isə daha ləyaqətli, rifah dolu bir həyat tərzini simvolizə edirdi.

Qadınların hüquq bərabərliyi uğrunda apardığı bu lokal mübarizələrin beynəlxalq status alması isə alman sosialist fəalı Klara Setkinin adı ilə bağlıdır. 1910-cu ildə Kopenhagendə keçirilən Beynəlxalq Sosialist Qadınlar Konfransında o, 1857-ci il hadisələrinin xatirəsinə hər il bir günün "Beynəlxalq Qadınlar Günü" kimi qeyd olunmasını təklif etdi. Bəzi tarixçilər 8 mart tarixinin seçilməsini Klara Setkinin milli mənsubiyyəti və yəhudilərin Purim bayramı ilə əlaqələndirirlər. Bibliya rəvayətlərinə görə, yəhudi qadını Esfir öz ağlı və cəsarəti ilə xalqını qırğından xilas etmişdi və bu paralellik qadın zəkasının xilaskar rolunu vurğulamaq baxımından xüsusi simvolik əhəmiyyət daşıyırdı.

Tarix boyu qadınların bu cəsarəti inqilabların da əsas hərəkətverici qüvvəsinə çevrilib. Məsələn, 1917-ci ildə Rusiya tarixində baş verən Fevral inqilabının (yeni təqvimlə 8 mart) önündə məhz qadınlar gedirdi. Sankt-Peterburqda "Çörək və Sülh" tələbi ilə küçələrə çıxan qadın tekstil işçiləri çarizmin süqutuna aparan yolu açdılar. SSRİ dövründə bu gün uzun müddət rəsmi bayram kimi qeyd edilsə də, yalnız 1965-ci ildən etibarən qeyri-iş günü elan olundu. Qlobal miqyasda isə 1975-ci il qadın hüquqları tarixində əsl dönüş nöqtəsi sayılır. Birləşmiş Millətlər Təşkilatı (BMT) həmin ili "Beynəlxalq Qadınlar İli" elan etdi və 8 Martı ilk dəfə rəsmi səviyyədə qeyd etdi. İki il sonra, 1977-ci ildə BMT-nin Baş Assambleyası bu tarixin qadın hüquqları və beynəlxalq sülh günü kimi tanınmasını rəsmən qəbul etdi.

Bütün bu tarixi faktlar bir daha sübut edir ki, 8 Mart sadəcə gül-çiçək və təbriklərdən ibarət adi bir təqvim günü deyil. Bu, qadınların öz haqları, azadlıqları və cəmiyyətdəki layiqli yerləri üçün apardıqları çoxəsrlik mübarizənin, fədakarlığın və iradənin qələbə günüdür. Bu gün qadın-inqilabçıların xatirəsini yaşadan, zərifliklə cəsarətin eyni ruhda birləşdiyini bütün dünyaya xatırladan ən mühüm tarixdir.


Hüseyn Rəşadoğlu