Aktrissa Rozanna Arkett rejissor Quentin Tarantinonun filmlərində irqçi ''N''' sözünün istifadəsini sərt şəkildə tənqid edib. O, britaniyalı ''The Times'' orqanına müsahibəsində bildirib ki, bu sözün filmlərdə təkrar-təkrar işlədilməsi artıq incəsənət deyil və olduqca narahatedici xarakter daşıyır.
Postxronika.az xəbər verir ki, aktrisa ''Pulp Fiction'' filminin “ikonik və bir çox cəhətdən möhtəşəm əsər” olduğunu desə də, Tarantinonun həmin irqçi sözü istifadə etməsi üçün sanki “xüsusi icazə” almış kimi davranıldığını qeyd edib. Arkett filmdə Erik Stoltzun canlandırdığı obrazın həyat yoldaşını oynayıb və bildirib ki, bu sözün istifadəsi onu ciddi şəkildə narahat edir.
Rejissorun filmoqrafiyasında bu mövzu əvvəllər də mübahisələrə səbəb olub. Xüsusilə ''Django Unchained'' filmi yayımlandıqdan sonra geniş müzakirələr yaranmışdı. Film afroamerikalı kölə obrazını canlandıran Ceymi Foksun iştirakı ilə çəkilib və dialoqlarda həmin sözün çoxsaylı istifadəsi diqqət çəkib. Rejissor Spayk Lii isə vaxtilə bunun əcdadlarına hörmətsizlik olduğunu bildirmişdi. Tarantino tənqidlərə baxmayaraq, hekayələrində personajların dilini yumşaltmaq niyyətində olmadığını və yaradıcılıq seçimlərini dəyişməyəcəyini bildirib.