ABŞ-a məxsus "Tomahawk" raketinin İranın Minab şəhərində ibtidai məktəbin yaxınlığındakı hərbi dəniz bazasına endirdiyi zərbə nəticəsində əksəriyyəti uşaq olan 168-dən çox insan həyatını itirib. "Bellingcat" araşdırma qrupunun təsdiqlədiyi yeni video və peyk görüntüləri bu qanlı hücumun məhz Birləşmiş Ştatlar tərəfindən həyata keçirildiyini sübut edir.

Postxronika.az xəbər verir ki, sursat mütəxəssisləri yayılan kadrlardakı silahın yalnız rəsmi Vaşinqton tərəfindən istifadə edilən "Tomahawk" olduğunu və Donald Trampın hadisədə Tehranı günahlandıran açıqlamalarının əsassız olduğunu vurğulayırlar. Silahlanma üzrə ekspert NR Jenzen-Jones qeyd edib ki, bu raketin xarici mühərriki İranın "Soumar" sistemlərindən tamamilə fərqlənir.

Bombalanma zamanı İslam İnqilabı Keşikçiləri Korpusuna (İİKK) aid üç bina ilə yanaşı, illərdir hərbi ərazidən kənarda yerləşən və aydın fərqləndirici nişanları olan Şəcərə Təyyibə ibtidai məktəbinin böyük hissəsi dağıdılıb. UNESCO və "Human Rights Watch" təşkilatı bu faciəni beynəlxalq hüququn ciddi pozuntusu adlandıraraq, insidentin müharibə cinayəti kimi araşdırılmasına çağırıb.