Almaniyanın Baden-Vürtemberq əyalətində keçirilən mühüm seçkilərdə kansler Fridrix Merzin rəhbərlik etdiyi Xristian Demokratlar İttifaqı (CDU) kəskin rəqabət şəraitində Yaşıllar Partiyasına məğlub olub. Ekoloji yönümlü siyasi təşkilatın namizədi Cem Özdemir səslərin 30,2 faizini toplayaraq rəqibini cüzi fərqlə üstələyib. Bu tarixi qələbə sayəsində o, ölkədə türk əsilli ilk əyalət baş naziri vəzifəsini icra edəcək.
Postxronika.az xəbər verir ki, səsvermənin nəticələri həm hakim koalisiya, həm də sənaye bölgəsindəki iqtisadi narahatlıqlardan istifadə edərək dəstəyini 19 faizə qaldıran ifrat sağçı "Almaniya üçün Alternativ" (AfD) partiyası üçün ciddi siqnal hesab olunur. Hökumət başçısı F.Merz bu məğlubiyyəti "acı nəticə" adlandıraraq, Yaxın Şərqdəki münaqişə fonunda kəskinləşən qlobal enerji böhranından çıxmaq və seçicilərin etimadını bərpa etmək üçün təcili islahatların zəruriliyini vurğulayıb.