Dünya iqtisadiyyatının daxili sabitliyi və dövlətlərarası güc balansı böyük ölçüdə enerji resurslarının təhlükəsiz daşınmasından asılıdır. Bu zəncirin ən həssas həlqəsi isə heç şübhəsiz ki, Hörmüz boğazıdır. Son dövrlərdə Vaşinqtonun bu regiondakı hərbi-strateji aktivliyinin artması və Venesuela nümunəsində olduğu kimi, alternativ enerji qaynaqları üzərində təsir imkanlarını genişləndirməsi beynəlxalq analitiklər tərəfindən "yeni hegemonluq mərhələsi" kimi qiymətləndirilir. Boğazın nəzarət altına alınması təkcə bir su yoluna hakim olmaq deyil, həm də qlobal bazarlarda qiymət siyasətini birbaşa diktə etmək rıçaqına sahib olmaq deməkdir.  

Mövzü ilə bağlı politoloq Elçin Xalidbəyli Postxronika.az-a açıqlamasında bildirib ki, ABŞ-nin Hörmüz boğazına nəzarəti ələ keçirmək cəhdləri, təbii ki, bir çox strateji səbəblərlə bağlıdır. 

Birincisi, Hörmüz boğazı dünya enerji bazarlarına çıxarılan enerji resurslarının təxminən 20 faizinin keçdiyi mühüm bir yoldur. Buna görə də, Amerika Birləşmiş Ştatları üçün bu qədər əhəmiyyətli enerji logistika xəttinə və enerji marşrutuna nəzarət etmək strateji xarakter daşıyır.

Həmin boğazdan enerji resurslarını keçirən dövlətlər və nəhəng şirkətlər Amerika Birləşmiş Ştatlarının qlobal iradəsi ilə hesablaşmaq məcburiyyətində qala bilərlər. Digər tərəfdən, bu, təbii ki, öz növbəsində qlobal güc balansına da birbaşa təsir göstərə bilər. Çünki Tramp administrasiyası nə qədər çox qlobal təsir mexanizmlərini ələ keçirərsə, beynəlxalq rəqiblərinə təzyiq göstərmək imkanlarını da bir o qədər genişləndirə bilər.

Bu baxımdan hesab etmək olar ki, bütün bu addımlar birbaşa Amerika Birləşmiş Ştatlarının qlobal hegemonluq maraqlarına xidmət edir. Eyni zamanda, Amerika Birləşmiş Ştatları dünya neft bazarlarına da nəzarət etmək niyyətinə düşüb. Əvvəlcə Venesuela neft qaynaqları ələ keçirildi və indi ABŞ Venesuela neftini dünya bazarlarına çıxarmaqla enerji qiymətlərini özünə uyğun şəkildə tənzimləmək imkanlarına malikdir. Təbii ki, Hörmüz boğazına nəzarəti də ələ keçirəcəyi təqdirdə, dünya bazarları üzərində nəzarət imkanlarını daha da genişləndirmiş olacaq. Əgər Amerika Birləşmiş Ştatları buna nail olarsa, bu o deməkdir ki, ABŞ dünyada hegemonluq planları istiqamətində olduqca önəmli daha bir addım atmış olacaq.

Nurgül Yusifova