''Lost Highway'' filmi neo-noir ənənəsinin ən qəribə və çoxqatlı nümunələrindən biridir. Filmdə ''femme fatale'' (cazibəsi və manipulyasiya qabiliyyəti ilə kişiləri öz məqsədləri üçün istifadə edən, çox vaxt onları faciəyə və ya məhvə aparan təhlükəli qadın arxetipi). motivi klassik noir filmlərindən fərqli şəkildə təqdim olunub. Daha çox psixoloji və simvolik səviyyədə qurulub. Rejissor ustad Linç bu arxetipi sadəcə təhlükəli qadın kimi yox, insan şüurunun qaranlıq tərəfi ilə əlaqəli bir obraz kimi təqdim edir.

Filmimizin tam mərkəzində Fred Madison və onun həyat yoldaşı Renee arasındakı soyuq münasibət dayanır. Renee sakit və emosional baxımdan uzaq bir qadın kimi təsvir olunur (bu geniş rast gəliniən arxetipdir). Lakin hekayə irəlilədikcə bu obraz başqa bir qadına, bir sözlə Alice Wakefield adlı personaja çevrilir. Hər iki obrazı aktrissa Patricia Arquette canlandırır və bu seçim filmin simvolikasını daha da gücləndirir.

Alice klassik noir ənənəsindəki Femme Fatale obrazına daha çox uyğun gəlir. O, cazibədar, manipulyativ və olduqca təhlükəli görünür. Onun cazibəsi Pete adlı gənci cinayətə və riskli qərarlara aparır. Bu xüsusiyyətlər klassik noir filmlərindəki femme fatale obrazlarını xatırladır. Ən azından izlədiklərimizə oxşar strukturda qurulub.


Ancaq film bu arxetipi sadəcə təkrarlamır, onu psixoloji bir səviyyəyə daşıyır. Bir çox  kritiklərin şərhinə görə Alice real insan olmaqdan çox Fredin zehnində yaranan bir fantaziyanın məhsuludur. Fred öz qısqanclığını və günah hissini başqa bir hekayəyə çevirərək reallıqdan qaçmağa çalışır. Bu səbəbdən Alice obrazı həm arzu, həm də qorxu simvoluna çevrilir.

Filmin ən təsirli səhnələrindən birində Alice quraqlıq ərazidə Pete’ə “Məni heç vaxt əldə edə bilməyəcəksən.” deyir. Bu cümlə femme fatale ideyasının mahiyyətini açır. Kişinin ideallaşdırdığı qadın əslində heç vaxt tam mənimsənilə bilməyən bir arzu olaraq qalır. Həmin arzu gerçəkləşmədikdə isə obsesiyaya və dağıdıcı davranışlara çevrilir.

Bu baxımdan film femme fatale obrazını qadının təhlükəli təbiəti kimi yox, kişinin qorxuları və bir növ kompleksləri ilə əlaqəli bir fenomen kimi göstərir. Qısqanclıq, gücsüzlük hissi və nəzarəti itirmək qorxusu bu obrazın yaranmasına səbəbiyyət verir. Nəticədə femme fatale burada sadəcə bir personaj deyil, insan zehninin qaranlıq tərəfinin metaforası kimi işləyir.

Son olaraq onu qeyd etmək yerinə düşər ki, “Lost Highway” bu yanaşma ilə noir janrının klassik stereotiplərini pozur və onları daha dərin psixoloji müstəviyə keçirir. Film göstərir ki, bəzən ən təhlükəli obrazlar xarici dünyada deyil, insanın öz şüurunda formalaşır.

KİNOMAN