Ukrayna Prezidenti Volodimir Zelenski Yaxın Şərqdə davam edən münaqişələrdə tərəfdaşlıq müqabilində rəsmi Kiyevin əsas gözləntilərini açıqlayıb. ABŞ-nin regiondakı gərginliyi azaltmaq və strateji üstünlük qazanmaq məqsədilə Ukraynaya müraciət etməsi, beynəlxalq münasibətlər sistemində yeni bir mərhələnin başladığından xəbər verir. Bu əməkdaşlıq fonunda Ukraynanın əsas tələbi isə hava hücumundan müdafiə imkanlarını gücləndirəcək "Patriot" raket sistemlərinin tədarüküdür.
Mövzu ilə bağlı politoloq Əlimusa İbrahimov Postxronika.az- a açıqlamasında bildirib ki, Amerika Birləşmiş Ştatlarının Yaxın Şərqdə gedən müharibədə yardım etmək üçün Ukrayna Prezidenti Zelenskiyə müraciət etməsi yeni yaranmaqda olan geosiyasi rellıqlardan xəbər verir.
Bu ABŞ-nin köhnə müttəfiqlərinə etibar etmədiyi anlamına gəlirmi? Yaxud bu müttəfiqlərin yardım qarşılığında istəyəcəkləri Trampı narahat edir? Motivlər məlum deyil. Amma Zelenskiyə müraciət bəzi mətləbləri ortaya qoyur. ABŞ və İsrail həqiqətən Yaxın Şərqdə girdikləri vəziyyətdən çıxış yolu axtarışındadır, İran həqiqətən ABŞ və onun region üzrə müttəfiqləri üçün ciddi problemlər yarada bilib. Amma bu eyni zamanda Pentaqonun çıxılmaz duruma düşməsi demək deyil. Ukraynanın yardımı İran üzərində qələbəni tezləşdirə bilər və region dövlətlərinin müdafiəsində mühüm rol oynayardı. Zelenski yardım qarşılığında şərtlər irəli sürməsəydi belə onun Rusiyaya qarşı müharibədə ehtiyacları nəzərə alıncaqdı. Çünki bu vaxta qədər də ona lazım olan səviyyədə yardım edilib. "Patriot" havadan müdafiə sistemlərinin Ukraynaya verilməsinə gəlincə ABŞ bu silahların verilməsinin heç də əleyhinə çıxmayıb. Amma indiki şəraitdə Ukraynanı geniş həcmdə bu və ya digər silah növləri ilə təchiz etmək imkanları çox zəifdir. ABŞ və onun müttəfiqlərinin də müdafiə sistemlərinə ciddi ehtiyacı var. İranla müharibə bunu bir daha göstərdi. Buna görə də Zelenskinin tələbləri bəlkə də indiki halda yerinə yetirilə bilməyəcək. Amma Ukraynanın Yaxın Şərq müharibəsində ABŞ və onun müttəfiqlərinin yanında olması heç zaman diqqətdən kənarda qalmayacaq. Digər tərəfdən Yaxın Şərqdə müharibə sona yetdikdən sonra Yaxın Şərq ölkələri Ukraynanın hərbi sənaye kompleksi ilə ciddi maraqlana bilərlər. Bu da Ukraynanın müharibədən sonrakı dövrü üçün ciddi imkanlar açır.
Nurgül Yusifova