Cənubi Qafqazda kommunikasiyaların bərpası və nəqliyyat dəhlizlərinin diversifikasiyası prosesi praktiki müstəviyə keçir. Azərbaycanın strateji logistik mövqeyi və müasir dəmir yolu infrastrukturu, regionda iqtisadi əlaqələrin yenidən canlanmasında həlledici rol oynamağa başlayıb. Bu istiqamətdə atılan ən mühüm addımlardan biri kimi, Rusiyadan Ermənistana göndərilən 1023 ton taxıl yükünün Azərbaycan ərazisindən uğurla tranzit keçidinin təmin olunmasını qeyd etmək olar. Bu hadisə təkcə bir yükdaşıma əməliyyatı deyil, həm də regionda humanitar sabitliyin və uzunmüddətli iqtisadi əməkdaşlığın formalaşmasına xidmət edən mühüm bir siqnaldır.
Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Postxronika.az-a açıqlamasında bildirib ki, Rusiyadan Ermənistana taxılın Azərbaycan üzərindən daşınması regionda iqtisadi əlaqələrin müəyyən dərəcədə genişlənməsinə təsir göstərə bilər.
Belə tranzit daşımalar ölkələr arasında logistika və ticarət əlaqələrinin davamlılığını təmin edir, nəqliyyat marşrutlarının daha səmərəli istifadəsinə şərait yaradır. Bu cür yükdaşımalar regionda iqtisadi əməkdaşlığın müəyyən səviyyədə qorunmasına, ticarət dövriyyəsinin sabit qalmasına və nəqliyyat infrastrukturunun daha aktiv işləməsinə kömək edir. Eyni zamanda, ərzaq məhsullarının daşınması kimi layihələr regionda humanitar və iqtisadi sabitliyə də müəyyən töhfə verə bilər.
Azərbaycanın bu yüklər üçün tranzit ölkəyə çevrilməsi iqtisadi və strateji baxımdan müəyyən üstünlüklər yarada bilər. Tranzit daşımalar ölkəyə əlavə gəlir gətirir, dəmir yolu və logistika infrastrukturu daha aktiv istifadə olunur və beynəlxalq nəqliyyat dəhlizlərində Azərbaycanın rolu güclənir. Bu, ölkənin regionda mühüm nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirə və gələcəkdə digər yüklərin də Azərbaycan üzərindən daşınması üçün imkanları genişləndirə bilər. Belə proseslər həm də logistika sektorunun inkişafına, yeni əməkdaşlıq layihələrinin yaranmasına və ölkənin tranzit potensialının daha geniş şəkildə istifadə olunmasına şərait yaradır.
Nurgül Yusifova