Misli Premyer Liqasında XXIII turun son oyununda “Sabah” möhtəşəm qələbə qazanıb. Paytaxt təmsilçisi öz meydanında “Qəbələ”ni qəbul edib və rəqibinə heç bir şans verməyib. “Bayquşlar” məhsuldar keçən qarşılaşmada 7:1 hesabı ilə qalib gələrək turun ən böyükhesablı nəticəsinə imza atıblar.
Oyunun nəticəsi ilə bağlı veteran futbolçu Mahmud Qurbanov Postxronika.az-a açıqlama verib.
O, böyük hesablı məğlubiyyətin “Qəbələ”ni həvəsdən salmamalı olduğunu bildirib:
“Dünən “Qəbələ” böyük hesablı ağır məğlubiyyət aldı. “Sabah” ilə oyunda heç nə ilə yadda qalmadı. Əsasən də müdafiə xəttində daha çox problemlər göründü. Həmin oyunda “Sabah” daha hazır idi, daha yaxşı idi. Hücumları daha mütəşəkkil idi. Amma “Qəbələ” dünən bərbad oyun nümayiş etdirdi. Böyük hesablı məğlubiyyətlər hər komandada ola bilər, hər komandanın çempionatda uğursuz oyunu ola bilər. Yəqin ki, bu oyun da “Qəbələ” üçün məhz o oyun idi ki, nə müdafiədə, nə də hücumda xüsusi oyun ilə yadda qala bildilər. Düzdür, onlar düşmə zonasındadılar, turnir cədvəlində 11-ci yerdə qərarlaşıblar. Amma düşünürəm ki, bu məğlubiyyət onları sındırmamalıdır, həvəsdən salmamalıdır. Qarşıda xeyli oyunlar var. Oyunlarda bu məğlubiyyəti yaddan çıxarmaq şansları var”.
Nicat Rüstəmzadə