ABŞ-nin tibbi texnologiya şirkəti olan “Stryker” kiberhücumla üzləşib.

Postxronika.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı məlumat yayıb.

Hücuma görə məsuliyyəti İranla əlaqəli olduğu bildirilən "Hanzala" adlı haker qrupu öz üzərinə götürüb.

Miçiqan ştatında yerləşən və tibbi avadanlıq istehsalı üzrə aparıcı mövqe tutan şirkətin iş şəbəkəsində ciddi nasazlıqlar yaranıb. Şirkət əməkdaşlarının verdiyi məlumata əsasən, kiberhücum zamanı iş telefonları qəflətən fəaliyyətini dayandırıb, daxili rabitə sistemi sıradan çıxıb və gündəlik əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

Hakerlər şirkətin cihaz idarəetmə platforması olan Microsoft Intune sisteminə daxil olmağı bacarıblar. 

Qeyd edək ki, bu platforma korporativ telefon və kompüterlərin mərkəzi idarə olunması, həmçinin cihazlardakı məlumatların uzaqdan silinməsi kimi mühüm funksiyaları yerinə yetirir.