Vətən müharibəsi günlərində, Şuşa istiqamətində aparılan əməliyyatlar ərəfəsində Qarqar çayının yaxınlığında çəkilən tarixi fotoşəkilin təfərrüatları məlum oldu. Kadra düşən şəxsi heyət Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçularıdır. Həmin şəklin çəkilməsindən cəmi bir neçə dəqiqə sonra Şuşa əməliyyatı başladı.

Postxronika.az xəbər verir ki, DİN-in Mətbuat Xidməti 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktları açıqladı. Vurğulandı ki, həmin gün 500 nəfərdən ibarət heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verildi.

Həmin günün ikinci yarısında, axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, çətin və sıx meşəlikdən keçən dağ yolları ilə hərəkətə başladı. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan, ay işığında irəlilədilər. Gecə yarısı karvan düşmən tərəfindən minaatan atəşinə tutuldu və nəticədə 15 hərbi qulluqçu yaralandı. Buna baxmayaraq, şəxsi heyət döyüş tapşırığını dayandırmadan hərəkətini davam etdirdi.

Noyabrın 9-u səhər saat 07:30 radələrində Daxili Qoşunların bölmələri Şuşa şəhərinə daxil oldu. Onlar ilk növbədə şəhərin müdafiə və mühafizəsinin gücləndirilməsi, eləcə də qarşıya qoyulan digər xidməti-döyüş tapşırıqlarını icra etdilər. Daxili Qoşunların şəxsi heyəti Şuşada xidməti-döyüş fəaliyyətini 2023-cü il 12 oktyabr tarixinədək davam etdirdi.

Bununla yanaşı, Xüsusi Təyinatlı Qüvvələrlə birlikdə döyüş əməliyyatlarında iştirak edən Daxili Qoşunların xüsusi təyinatlılarının noyabrın 2-dən etibarən Hadrut qəsəbəsində yerləşən təxminən 350 nəfərlik şəxsi heyəti də Şuşa istiqamətindəki əməliyyatlara cəlb olundu və şəhərin düşməndən azad edilməsində böyük şücaət göstərdilər. Şuşa uğrunda döyüşlər Azərbaycan hərb tarixinin ən şanlı səhifələrindən biridir və bu zəfərin qazanılmasında DİN-in Daxili Qoşunlarının hərbi qulluqçuları da yüksək igidlik, qətiyyət və vətənə sədaqət nümayiş etdirdilər.