Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranmasından və dövlətə xidmətə başlamasından 34 il ötür. Ulu Öndər Heydər Əliyevin müvafiq fərmanı ilə martın 12-si Daxili Qoşunlar Günü kimi təsis edildi və bu hərbi qurum ölkəmizin ərazi bütövlüyü uğrunda ilk döyüşlərə məhz 1992-ci ilin həmin günündə qatıldı.
Postxronika.az xəbər verir ki, daxili sabitliyin qorunmasında müstəsna rol oynayan bu qoşun növü həm Birinci Qarabağ savaşında, həm də 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıqlar göstərdi. Öz şərəfli ənənələrinə sadiq qalan hərbi qulluqçular 2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı da qarşıya qoyulan vəzifələri yüksək peşəkarlıqla icra etdilər. Bu şanlı xidmət yolu ərzində torpaqlarımızın azadlığı uğrunda yüzlərlə cəsur döyüşçü şəhidlik zirvəsinə ucaldı, bir çoxları isə ən ali hərbi adlara layiq görüldü. Hazırda Daxili Qoşunların şəxsi heyəti işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur bölgələrində ictimai asayişin etibarlı təminini uğurla həyata keçirir.