İsrail Hərbi Hava Qüvvələri Tehranın cənub-şərqində yerləşən Parçin hərbi kompleksindəki "Taleqan" nüvə təsisatına hava zərbəsi endirdi. İsrail Müdafiə Qüvvələrinin məlumatına görə, bu hücum son günlər İrana qarşı həyata keçirilən silsilə əməliyyatların davamı kimi gerçəkləşdi.

Postxronika.az xarici KİV-lərə istinadən xəbər verir ki, kəşfiyyat məlumatlarına əsasən, sözügedən mərkəzin 2003-cü ildə dayandırıldığı güman edilən "Amad" elmi layihəsi çərçivəsində silah təcrübələri üçün istifadə edildiyi müəyyənləşdirildi. Rəsmi Tehran atom proqramının yalnız dinc məqsədlər daşıdığını iddia etsə də, ABŞ prezidenti Donald Tramp dəfələrlə əsas hədəflərdən birinin həmin ölkənin kütləvi qırğın sursatı əldə etməsinin qarşısını almaq olduğunu bildirdi. Yəhudi dövlətinin hərbçiləri ötən həftə İranın "Minzadeian" adlı digər bir strateji obyektini də vurduğunu açıqladı. Həmin kompleksdə də yerli alimlərin gizli şəkildə nüvə başlıqları üçün mühüm komponentlər hazırladığı iddia edildi.