İspaniyada Fransisko Franko rejimi dövründə baş verən zorla yoxa çıxmalar mövzusuna həsr olunan ''Atlas of Disappearance'' sənədli filmi beynəlxalq festivalda nümayiş olunacaq. Film onilliklərdir taleyi məlum olmayan minlərlə insanın hekayəsini araşdıraraq ölkənin qaranlıq tarixi səhifələrinə işıq salmağı hədəfləyir.


Postxronika.az xəbər verir ki, ekran işinin dünya premyerası martın 13-də ''CPH- Copenhagen International Documentary Film Festival'' çərçivəsində keçiriləcək. Sənədli filmin rejissoru kolumbiyalı tədqiqatçı və kinorejissor Manuel Korreadır. Layihə illərlə aparılan araşdırmalara əsaslanaraq Franko rejimi dövründə itkin düşən insanların taleyini və ailələrinin həqiqəti axtarışını izləyir.

Film kütləvi məzarlıqların araşdırılması və qurbanların qalıqlarının tapılması prosesini müasir texnologiyaların köməyi ilə təqdim edir. Araşdırma zamanı rəqəmsal xəritələr, arxiv sənədləri və məhkəmə ekspertizası üsullarından istifadə olunub. Sənədli ekran işi həm tarixdə gizlədilən faktları üzə çıxarmağa, həm də uzun illərdir cavab gözləyən ailələrin suallarına aydınlıq gətirməyə çalışır. Rejissorun sözlərinə görə, layihə keçmişdə baş verən zorakılıqları xatırladaraq susqunluq divarını sındırmağı və tarixi ədalətə töhfə verməyi məqsəd qoyur.