"Mançester Yunayted"in əfsanəvi hücumçusu Ueyn Runi komandanın hazırkı baş məşqçisi Maykl Kerrikin gələcək perspektivləri barədə maraqlı açıqlamalar verib.

Postxronika.az xəbər verir ki, sabiq forvard "Stick to Football" podkastında çıxışı zamanı Kerrikin mövsümün sonunda da vəzifəsində qalmalı olduğunu vurğulayıb. Runinin fikrincə, əgər "qırmızı şeytanlar" Çempionlar Liqasına vəsiqə qazanmağı bacarsa, rəhbərlik mütləq 44 yaşlı mütəxəssislə yola davam etməlidir.

Yanvarın 13-də sükan arxasına keçən məşqçinin rəhbərliyi altında mankunianlar keçirdikləri 8 qarşılaşmanın 6-da qələbə qazanaraq yüksək məhsuldarlıq nümayiş etdiriblər. Runi qeyd edib ki, klub yeni baş məşqçi axtarışına çıxsa belə, Mayklın namizədliyi digərlərindən daha üstün mövqedə dayanır. Hazırkı müqaviləsi mövsümün sonuna qədər olan gənc çalışdırıcının taleyi komandanın turnir cədvəlindəki yekun nəticələrindən asılı olacaq.