Quba rayonunun Qımılqazma kəndi ərazisində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Bakı şəhər sakini, 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrisikl idarəetmədən çıxaraq daş hasara çırpılıb. Aldığı ağır xəsarətlər nəticəsində sürücü elə hadisə yerindəcə dünyasını dəyişib və hazırda faktla bağlı araşdırma aparılır.
Postxronika.az xəbər verir ki, Baş Dövlət Yol Polisi İdarəsi bu hadisə fonunda vətəndaşlara ciddi xəbərdarlıq edib. Qurumdan bildirilib ki, istirahət mərkəzlərində və dağlıq ərazilərdə geniş istifadə olunan kvadrisikllərin sürət həddi və yol şəraiti nəzərə alınmadan idarə olunması insan həyatı üçün böyük təhlükə yaradır. Konstruktiv cəhətdən sabitliyi məhdud olan bu nəqliyyat vasitələrini ümumi yollarda yalnız müvafiq sürücülük hüququ olan şəxslərin idarə etməsinə icazə verilir.