İsrail ordusu pilotsuz uçuş aparatları ilə həyata keçirdiyi əməliyyatlarda sıravi İran sakinlərindən aldığı kəşfiyyat məlumatlarından yararlanır. 

Postxronika.az xəbər verir ki, "The Wall Street Journal" nəşri bu  barədə məlumat yayıb. 

Məlumata görə, martın 12-də Tehrandakı Bəsic məntəqəsinə edilən hücum məhz yerli əhalinin sosial şəbəkələr vasitəsilə göndərdiyi hədəf göstəriciləri əsasında reallaşıb.

Məlumatlar rəsmi Təl-Əvivin farsdilli platformaları üzərindən qəbul edildikdən sonra ciddi yoxlanışdan keçirilir və yalnız dəqiqliyi təsdiqləndikdə hücum əmri verilir. Bu taktika İranın hərbiləşdirilmiş könüllü qüvvələri olan Bəsic kimi strateji obyektlərin nöqtə atışı ilə sıradan çıxarılmasına imkan yaradır. Hazırda bu kəşfiyyat əməkdaşlığı Tehranın daxili təhlükəsizlik sistemində ciddi narahatlıq doğurub.