13-14 mart 2026-cı il tarixlərində Binə Atçılıq Mərkəzində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün ilk turunun oyunları keçirilib.
Postxronika.az bu barədə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə istinadla xəbər verir.
Bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan açılış mərasimində Dövlət Sərhəd Xidmətinin nümunəvi orkestri, rəqs ansamblı və tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb.
Mövsümün açılış turu gərgin və maraqlı qarşılaşmalarla yadda qalıb. Turun ilk oyununda “Zəfər” komandası “Şamaxı” komandası üzərində minimal hesablı qələbə qazanıb. Görüş boyu hər iki komanda hücum cəhdləri ilə fərqlənsə də, qarşılaşmanın taleyini həll edən yeganə qol “Zəfər”in aktivliyi nəticəsində qeydə alınmış və matç 1:0 hesabı ilə başa çatıb.
Günün ikinci yarısında isə “Embawood” və “Omar” komandaları maraqlı oyun nümayiş etdirib. Dinamik hücumlarla keçən qarşılaşmada “Embawood” komandası rəqibi üzərində üstünlük əldə edərək 2:1 hesablı qələbə qazanıb. Bu nəticə ilə “Embawood” yeni mövsümə uğurlu start verən komandalar sırasında yer alıb.
Mart ayının 14-də baş tutan qarşılaşmalar da maraqlı nəticələrlə yadda qalıb.
Belə ki, “Elit” komandası “Buta Qolden” üzərində 1:0 hesablı qələbə qazanıb. “Sərhədçi” komandası isə turunun ən böyükhesablı qələbələrindən birinə imza ataraq “Atilla” komandasını 10:0 hesabı ilə məğlub edib.
Günün son, turun ən məhsuldar oyunu “Polad” və “Xəzər” komandaları arasında baş tutmuş, “Polad” rəqibini 11:0 hesabı ilə üstələyərək mövsümə inamlı başlanğıc etmişdir.
Qeyd edilib ki, idman həvəskarlarının nəzərinə çatdırırıq ki, Peşəkar Çövkən Liqasında növbəti turun oyunları 27-28 mart tarixlərində keçiriləcək və liqa 21 noyabr 2026-cı il tarixinədək davam edəcək.