''War of the Worlds'' filmi 46-cı ''Golden Raspberry Awards'' mükafatlarında 2025-ci ilin ən pis filmi seçilib. Ice Cube baş rolda oynadığı ekran işinə görə “ən pis aktyor” kateqoriyasında da “qalib” olub. Film ümumilikdə namizəd olduğu altı kateqoriyadan beşində mənfi mükafat qazanıb. Layihə həmçinin ən pis rejissor və ən pis ssenari nominasiyalarında da seçilib. Təşkilatçılar ekran işinin qısa müddətdə “tənqidi baxış üçün kult filmə” çevrildiyini bildirib.


Postxronika.az xəbər verir ki, filmə görə Rich Lee “ən pis rejissor”, Kenny Golde və Marc Hyman isə “ən pis ssenari” mükafatına layiq görülüblər. Mükafatın təşkilatçıları ekran işinin H. G. Wells tərəfindən yazılmış məşhur romanın ideyasını uğursuz şəkildə təqdim etdiyini qeyd ediblər.

Digər qaliblər arasında ''Snow White'' filmindəki süni cırtdan obrazları da yer alıb və layihə iki Razzie mükafatı qazanıb. Rebel Wilson “Bride Hard” filmindəki performansına görə, Scarlet Rose Stallone isə “Gunslingers” filmindəki roluna görə mükafat alıb. Bu il “Razzie Redeemer” mükafatı isə Kate Hudsona təqdim edilib. O, ''Song Sung Blue'' filmindəki roluna görə həm bu mükafatı qazanıb, həm də “Oscar”a namizəd göstərilib.