Fevralın 26-da Cenevrədə keçirilən İran və ABŞ danışıqlarında müəyyən irəliləyiş əldə olunsa da, Vaşinqton rəsmi Tehranın kompromis addımını yanlış qiymətləndirib.
Postxronika.az xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi müsahibəsində bildirib. Diplomatın sözlərinə görə, ölkəsi 440 kiloqramlıq 60 faiz zənginləşdirilmiş uran ehtiyatından imtina etməyə və onun dərəcəsini aşağı salmağa tam hazır idi. Lakin Birləşmiş Ştatlar bu ciddi güzəşti on ədəd nüvə silahının yaradılması təhlükəsi kimi yozaraq vəziyyəti mürəkkəbləşdirib. XİN rəhbəri qarşı tərəfin bu cür reaksiyasını ya məlumatsızlıq, ya da gələcək təcavüzkar addımlara bəraət qazandırmaq cəhdi kimi dəyərləndirib. O, İranın heç bir halda kütləvi qırğın silahı istehsal etmək niyyətində olmadığını da xüsusi vurğulayıb.