28 fevral 2026-cı il tarixi sadəcə müasir Yaxın Şərq xronologiyasına deyil, eyni zamanda İranın əsrlik dövlətçilik tarixinə kəskin dönüş nöqtələrindən biri kimi həkk olundu. İsrail və ABŞ-nin birgə həyata keçirdiyi – İsrailin "Nərildəyən şir" (Roaring Lion), ABŞ Müdafiə Nazirliyi tərəfindən isə "Epik qəzəb əməliyyatı" (Operation Epic Fury) adlandırılan hərbi kampaniya Tehran, İsfahan, Qum, Kərəc və Kirmanşah şəhərlərindəki strateji hədəflərə endirilən sarsıdıcı zərbələrlə başladı. Ali Rəhbər Ayətullah Əli Xameneinin ölümü və rejimin onurğa sütununu təşkil edən hərbi-nüvə infrastrukturunun birbaşa hədəfə alınması ilə alovlanan bu müharibə, əslində onilliklərdir yığılan geosiyasi gərginliyin qanlı partlayışıdır.

Lakin bu gün şahidi olduğumuz dağıdıcı qarşıdurmanın köklərini sadəcə müasir nüvə böhranında və ya "Müqavimət Oxu" strategiyasında axtarmaq səthi yanaşma olar. 28 fevral səhəri İrana yağan raketlər təkcə fiziki bazaları deyil, eyni zamanda ölkənin qərinələr boyu formalaşmış "mühasirədə olan imperiya" psixologiyasını, Qərbə qarşı tarixi inamsızlığını və 1979-cu il İslam İnqilabının ideoloji dayaqlarını silkələdi. Bu gün müharibənin gedişatını və İranın reaksiyasını tam dərk etmək üçün təkcə hərbi xəritələrə deyil, bu dövlətin addımlarını şərtləndirən imperiya yaddaşına və ideoloji kodlarına nəzər salmaq mütləqdir.

“İnqilablar ölkəsi”

Cənub qonşumuzun son 100 illik tarixinə nəzər yetirsək əslində bu qarşıdurmaların tarixi, yaranma səbəbləri və İran İslam Respublikasının yeritdiyi siyasətin məqsədlərini anlamaq daha asan olar. Tarix boyu İranda bir çox inqilabi hərəkatlar baş verib. Məşrutə inqilabı və İran İslam İnqilabı ölkənin taleyini dəyişən iki əsas inqilab olmuşdur.

Bu iki inqilab arasında kifayət qədər fərqlər mövcuddur. Məşrutə hərəkatının əsas məqsədi İranı demokratik əsaslarla idarə edilən konstitusiyalı monarxiya elan etmək idi. İslam inqilabının isə hədəfləri tamam fərqli idi. Ayətullah Ruhullah Xomeyninin başçılıq etdiyi bu hərəkatın əsas məqsədi İranda höküm sürən Pəhləviləri hakimiyyətdən uzaqlaşdırmaq və ölkəni dini qaydalarla idarə edilən İslam Respublikası elan etmək idi.

İslamçıların inqilab üçün əsas “kozur”u şah rejiminin ABŞ ilə yaxın münasibətləri, ölkənin təbii sərvətlərinin Qərbə (Britaniya və ABŞ-yə) getməsi və ümumilikdə Məhəmməd Rza Pəhləvinin atdığı siyasi addımların xalq içərisində böyük qəzəbə səbəb olması idi.Yekunda inqilab zəfərlə nəticələndi və İran “Vilayəti-Fəqih” ideologiyası ilə idarə edilməyə başlandı. Ruhullah Xomeyni İranın ilk Ali Dini Lideri oldu.

“İslam İnqilabı” yoxsa “Qərb inqilabı”?

Hər bir rejimin ayaqda durması üçün özünə bir düşmən seçməsi lazımdır. İran isə ən ideal düşmən kimi öz “köhnə dostlarını” – Qərb və İsraili seçdi. Məlumdur ki, İran İslam İnqilabı öz ilkin mərhələlərində dolayısı ilə CİA və MOSSAD kimi kəşfiyyat orqanlarının pərdəarxası gedişlərindən də faydalanmışdı. Sual yarana bilər ki, onsuz da şah rejimi bu dövlətlər ilə kifayət qədər yaxşı münasibətlərə malik idisə, Qərb niyə belə bir addım atsın ki?

Amerika Birləşmiş Ştatları tarix boyu öz təsir dairəsinə aldığı dövlətlərdə mütəmadi olaraq “rejim dəyişikliklərinə” gedir. Buna ən yaxşı misal olaraq 1960-cı ildə Türkiyədə ABŞ və Qərb ilə çox yaxşı münasibətləri olan Adnan Menderes hökumətinin hərbi çevrilişlə devrilməsini göstərə bilərik. Bəs ABŞ sadiq müttəfiqlərinə qarşı bu rejim dəyişikliklərini niyə edir?

Bu sualın cavabı qlobal hegemonların xarici siyasət fəlsəfəsində və geopolitik praqmatizmində gizlənir. Qərbin bu cür gedişlər etməsinin arxasında bir neçə strateji səbəb dayanır:

1. "Daimi dostlar yoxdur, daimi maraqlar var" prinsipi

Şah Məhəmməd Rza Pəhləvi 1970-ci illərin ortalarından etibarən ABŞ üçün sadəcə sadiq müttəfiq olmaqdan çıxıb, idarəedilməsi çətin bir fiqura çevrilməyə başlamışdı. Xüsusilə 1973-cü il neft böhranı zamanı Şahın neft qiymətlərinin qaldırılmasında fəal iştirakı və İranı sürətlə regionun müstəqil hərbi hegemonuna çevirmək ambisiyaları Qərbdə ciddi narahatlıq yaradırdı. Bir lider həddindən artıq gücləndikdə və mərkəzin maraqları ilə toqquşmağa başladıqda, onun əvəzlənməsi zərurətə çevrilir.

2. Kommunizm qorxusu və "Yaşıl Qurşaq" strategiyası

1979-cu il "Soyuq Müharibə"nin ən kəskin dövrlərindən biri idi. İranda xalqın Şah rejiminə qarşı qəzəbi o həddə çatmışdı ki, inqilab artıq qaçılmaz görünürdü. ABŞ kəşfiyyatının əsas qorxusu isə yaranan bu xaosdan solçuların (xüsusən kommunist Tudə partiyasının) istifadə edərək İranı SSRİ-nin təsir dairəsinə salması idi. Qərb "ateist kommunizmə" qarşı ən güclü səddin məhz radikal din ola biləcəyini hesabladı. İslamçıların hakimiyyətə gəlişi, Amerikanın bölgədəki "Yaşıl Qurşaq" – yəni Sovetlərin cənubdan dini rejimlərlə mühasirəyə alınması proyektinə uyğun gəlirdi.

3. "Batmaqda olan gəmi" və Nəzarət edilən Xaos

Qərb kəşfiyyatı Şahın artıq xalqı idarə edə bilməyəcəyini anladığı an, xaosun bütün ölkəni və strateji resursları məhv etməməsi üçün "nəzarət edilən keçid" planını işə saldı. 1979-cu ilin yanvarında keçirilən Qvadelupa konfransında Qərb liderləri batmaqda olan Şah rejimindən dəstəyi çəkmək və yeni formalaşan qüvvələrlə işləmək qərarına gəldilər.

Lakin tarix göstərdi ki, bu böyük siyasi qumar Qərbin tam da gözlədiyi kimi nəticələnmədi. Öz gücünü legitimləşdirmək istəyən yeni İslam Respublikası, məhz köhnə tərəfdaşlar olan ABŞ və İsraili özünə bir nömrəli hədəf seçərək, onilliklər boyu davam edəcək və bu gün açıq hərbi toqquşmalara – yəni 2026-cı ilin fevral böhranına qədər uzanan yeni bir doktrinanın əsasını qoydu.

“Siyasi Cihad” və İkili Standartlar: SEPAH-ın Regional Rıçaqları

İslam İnqilabının qələbəsindən az sonra, 5 may 1979-cu ildə dini lider Ayətullah Xomeyni rejimi daxili və xarici təhdidlərdən qorumaq məqsədilə İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) təsis etdi. Yarandığı gündən etibarən İranın əsas hücum və müdaxilə mexanizminə çevrilən SEPAH, sadəcə nizami ordu deyil, eyni zamanda ölkənin sərhədlərindən çox-çox uzaqlarda əməliyyatlar həyata keçirən bir "kölgə dövlət" oldu.

Şiə ideologiyasını geosiyasi pərdəyə çevirən teokratik rejim, qonşu ölkələrdə qeyri-sabitlik ocaqları yaradaraq özünün "Müqavimət Oxu"nu formalaşdırdı.

Livan, İraq, Suriya və Yəməndə məzhəb zəminində yaradılan silahlı terror qruplaşmaları birbaşa Tehran tərəfindən həm maliyyə, həm də hərbi-logistik cəhətdən təmin edildi. Paradoks ondadır ki, 1979-cu il “Girov böhranı” ilə start götürən və onilliklər boyu ağırlaşaraq İran iqtisadiyyatını çöküşə aparan sanksiyalara baxmayaraq, rejim bu proksi şəbəkələrinə milyardlarla dollar axıtmaqdan çəkinmədi. Xalqın sosial rifahı rejimin regional hegemonluq xülyalarına qurban verildi.

Özünü qlobal səviyyədə “İslamın qoruyucusu” elan edən İranın əsl siması və ikili standartları xüsusilə qonşu müsəlman dövlətlərinə münasibətdə açıq şəkildə ortaya çıxır. 1980-1988-ci illərdə qanla yazılan İran-İraq müharibəsi bir yana, Birinci və İkinci Qarabağ müharibələrində, eləcə də post-müharibə dövründə işğalçı Ermənistana verilən hərbi, siyasi və logistik dəstək bunun ən bariz sübutudur. Amerika Birləşmiş Ştatlarının Əfqanıstan və İraqa müdaxilələri zamanı pərdəarxası maraqlarını təmin edən Tehran, eyni zamanda Azərbaycana qarşı davamlı hibrid müharibə aparmaqdan çəkinməyib. İllərdir Azərbaycan gənclərini həm radikal dini xurafatla, həm də cənub sərhədlərindən sızan narkotrafik vasitəsilə zəhərləməyə çalışan bir rejimin “İslam qoruyucusu” statusu iddia etməsi tamamilə absurd və riyakarlıqdır.

Bütün bu mənzərəni tamamlayan əsas detal isə İran İslam Respublikasının qlobal müttəfiqlik şəbəkəsidir. Qərbi "Böyük Şeytan" adlandıraraq öz vətəndaşlarını "siyasi cihad"a səsləyən bu rejim, öz xarici siyasətində xristian Rusiya, ateist Çin və totalitar Şimali Koreya ilə strateji "qardaşlıq" əlaqələrinə sahibdir. Bu reallıq sübut edir ki, İran üçün məsələ heç vaxt müqəddəs dəyərlər olmayıb; din sadəcə praqmatik dövlət maraqlarını və köklü Fars imperiya ambisiyalarını maskalayan ən əlverişli vasitədir.

Cənubi Qafqazda Yeni Reallıq: Azərbaycan Üçün Təsirlər

Regionda baş verən hər bir geosiyasi zəlzələnin episentrdən kənarda da dalğalar yaratması qaçılmazdır. Bunu nəzərə alaraq, İranın mümkün parçalanması və ya mərkəzi idarəetmədə baş verəcək radikal hakimiyyət dəyişikliyinin Cənubi Qafqaza, xüsusilə də Azərbaycana necə təsir edəcəyi ən vacib suallardan biridir.

Hazırkı ssenaridə İranın qısa müddətdə tamamilə parçalanması ehtimalı fərqli müzakirələr yaratsa da, mərkəzi hakimiyyətin zəifləməsi realdır. Burada əsas məsələ formalaşacaq güc boşluğunu kimin dolduracağıdır. Vaxtilə Osmanlı İmperiyasının süqutu ərəfəsində Qərb dövlətlərinin mərkəzdənqaçma meyllərini və fərqli etnik qrupları mərkəzə qarşı stimullaşdırması taktikası bu gün bənzər formada İranda da təkrarlana bilər. Əgər İran parçalanma xəttinə qədəm qoyarsa, onun yerində tək bir varisin deyil, bir neçə yeni siyasi subyektin ortaya çıxması istisna edilmir.

Bu qlobal transformasiyadan ən çox təsirlənəcək və potensial olaraq strateji dividentlər əldə edəcək dövlətlərdən biri də heç şübhəsiz Azərbaycandır. Arazın cənubunda on milyonlarla soydaşımızın yaşaması və rəsmi Bakının həm İsrail, həm də Qərb mərkəzləri ilə qurduğu çoxşaxəli strateji tərəfdaşlıq regionda yaranacaq istənilən ssenaridə ölkəmizin mövqeyini daha da möhkəmləndirir. İranda radikal dəyişikliklərin baş verməsi Azərbaycanın illərdir qarşılaşdığı bir sıra regional əngəllərin aradan qalxması deməkdir. Zəngəzur dəhlizinin açılmasına göstərilən kəskin müqavimətin qırılması və Ermənistanla sülh prosesinə edilən kənar müdaxilələrin zərərsizləşdirilməsi bu dividentlərin yalnız bir hissəsidir. Eyni zamanda, Azərbaycan cəmiyyətini dini fanatizm və sərhədaşırı narkotrafik vasitəsilə hədəfə alan hibrid təhdidlərin – "İslam Respublikası" pərdəsi altında aparılan təxribatların kökündən sarsılması mühüm təhlükəsizlik nailiyyəti olacaq.

Lakin bu mürəkkəb prosesin Azərbaycan üçün yaradacağı ciddi risklər də diqqətdən qaçmamalıdır. Hazırda davam edən hərbi kampaniya əsasən hava zərbələri ilə məhdudlaşsa da, gələcəkdə mümkün quru əməliyyatları və ya genişmiqyaslı daxili xaos nəticəsində cənub sərhədlərimizə doğru kütləvi miqrant axınının başlanması ehtimalı yüksəkdir. Digər tərəfdən, məsələnin iqtisadi tərəfləri də mövcuddur. Aşağı və orta gəlirli əhali qruplarının gündəlik istehlakında müəyyən yer tutan ucuz qonşu ölkə məhsullarının bazardan qəfil çıxması, daxili bazarda qısamüddətli inflyasiya təzyiqlərinə və logistik zəncir qırılmalarına yol aça bilər.

Hüseyn Rəşadoğlu