Mercedes-in italyan pilotu Kimi Antonelli Formula 1 Dünya Çempionatı mövsümünün ikinci mərhələsi olan Çin Qran Prisinin qalibi olub.
Postxronika.az xəbər verir ki, Çindəki 5,4 kilometrlik Şanxay Beynəlxalq Dairəsində keçirilən yarış 56 dövrədən ibarət idi. Poul mövqeyindən başlayan Antonelli yarışı 1 saat 33 dəqiqə 15,607 saniyəyə başa vuraraq Formula 1 qələbəsini təmin etdi.
Çempionatdakı ikinci mövsümündə 19 yaşlı Antonelli hollandiyalı Maks Verstappendən sonra Formula 1 yarışında qalib gələn ikinci ən gənc pilot oldu. Antonelli həmçinin 20 il əvvəl Cankarlo Fisiçellanın qələbəsindən bəri Formula 1 yarışında qalib gələn ilk italyan pilot oub.
Antonellinin komanda yoldaşı britaniyalı Corc Rassel 5,515 saniyə fərqlə ikinci yeri tutdu, Ferrari-nin britaniyalı pilotu Luis Hamilton isə liderdən 25,267 saniyə geridə qalaraq üçüncü yeri tutub