"Barselona"nın baş məşqçisi Hans-Diter Flik hazırda icarə əsasında komandada çıxış edən "Mançester Yunayted"in futbolçusu Markus Reşfordun daimi transferini reallaşdırmaq istəyir. Kataloniyalıların idman direktoru Deko isə ingilis oyunçu ilə yekun razılıq əldə olunmayacağı təqdirdə "Çelsi"nin cinah hücumçusu Pedro Netonu alternativ kimi nəzərdən keçirir. Alman mütəxəssis rəhbərliyə sol cinah üçün məhz 28 yaşlı vingerin əsas hədəf olduğunu və bu mövqedə ondan başqa heç kimi görmək istəmədiyini bildirib.
Postxronika.az xəbər verir ki, mətbuatda İspaniya nəhənginin bu keçid üçün qarşı tərəfə 30 milyon avro ödəməyə hazır olduğu vurğulanır. Cari mövsümdə "Barselona"nın heyətində bütün turnirlər çərçivəsində 38 matça çıxan hücumçu 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalına əsasən, təcrübəli idmançının hazırkı bazar dəyəri 40 milyon avro təşkil edir.