Bu ilin ''Academy Awards'' mərasimində ''One Battle After Another'' filmi ilə “Ən yaxşı film”, “Ən yaxşı rejissor” və “Ən yaxşı adaptasiya olunmuş ssenari” mükafatlarını qazanan 'Pol Tomas Anderson ekran əsəri ətrafında yaranan müzakirələrə münasibət bildirib. Film payızdakı premyerasından bəri qaradərili qadın obrazlarının təqdimatı ilə bağlı tənqidlərə məruz qalmışdı.
Postxronika.az xəbər verir ki, rejissor ''Oscar'' mərasimindən sonra təşkil olunan mətbuat konfransında xüsusilə Teyana Taylorun canlandırdığı Perfidia Beverli Hills obrazı ətrafında yaranan mübahisələrə toxunub. Onun sözlərinə görə, film qəsdən mürəkkəb və qüsurlu personajlar üzərində qurulub. Anderson qeyd edib ki, Perfidia inqilab uğrunda mübarizə aparsa da, etdiyi bəzi seçimlər bu mübarizəyə zərər verir və obrazın psixoloji vəziyyəti, o cümlədən doğuşdan sonrakı depressiya kimi problemlər də hekayənin bir hissəsidir.
Rejissor əlavə edib ki, hekayənin əsas məqsədi qəhrəmanlıq nümayiş etdirmək deyil, qüsurlu insanların qərarlarının nəticələrini göstərməkdir. Onun fikrincə, film daha çox yeni nəslin valideynlərdən miras qalan çətin keçmişlə necə üzləşdiyini araşdırır.
Aktrisa Teyana Taylor isə daha əvvəl verdiyi açıqlamada mürəkkəb personajların tamaşaçılar arasında müzakirə yaratmasının vacib olduğunu vurğulayıb. O bildirib ki, belə filmlər fərqli baxışların ortaya çıxmasına imkan verir və xüsusilə doğuşdan sonrakı depressiya yaşamış analar üçün hekayə daha təsirli görünə bilər.