Ukrayna ordusunun döyüş meydanındakı müqaviməti ilə yanaşı, ölkə rəhbərliyi hazırda ciddi maliyyə defoltu təhlükəsi ilə mübarizə aparır.
Postxronika.az xəbər verir ki, 2026-cı il büdcəsində nəzərdə tutulan 112 milyard dollarlıq xərcin 60%-i birbaşa müdafiəyə ayrılsa da, yaranan 45 milyard dollarlıq kəsir rəsmi Kiyevi kəskin addımlar atmağa məcbur edir. Maliyyə naziri Sergii Marçenkonun sözlərinə görə, ordunun gücü birbaşa iqtisadiyyatın dayanıqlığından asılıdır və bu boşluğu doldurmaq üçün vergilərin yenidən artırılması gündəmdədir.
Vəziyyəti mürəkkəbləşdirən digər amil isə beynəlxalq yardımların gecikməsidir. Avropa İttifaqının 90 milyard avroluq kredit paketi Macarıstanın "neft blokadası" iddiaları səbəbindən yubansa da, aprel ayında ilk ödənişin edilməsi gözlənilir. IMF-nin şərtlərinə uyğun olaraq həyata keçirilən islahatlar daxili gəlirləri 15% artırsa da, analitiklər müharibə şəraitində vergi yükünün artırılmasının iqtisadi çöküşə yol aça biləcəyi barədə xəbərdarlıq edirlər.