Hazırda İranla ABŞ və İsrail arasında davam edən gərginlik bir çox suallar ortaya çıxarır. Bu suallardan biri də budur: İranın mümkün parçalanması ehtimalında Azərbaycan və Türkiyə hansı addımları atacaq?
Mövzu ilə bağlı Postxronika.az saytına danışan siyasi şərhçi Əziz Əlibəyli qeyd edib ki, belə bir ssenarinin baş verəcəyi təqdirdə hər iki ölkə çox ehtiyatlı davranmalıdır.
“İranın mümkün parçalanması fonunda Azərbaycan və Türkiyə ehtiyatlı olmalı, eyni zamanda strateji addımlar atmalıdırlar. Azərbaycan üçün əsas məsələ Güney Azərbaycandakı soydaşlarımızın taleyidir. Türkiyə üçün isə prioritet geosiyasi vəziyyətdir. Çünki regionda qeyri-sabitlik ocağının olması onun gücünü və təhlükəsizliyini birbaşa təhdid edir. Bununla belə, gələcəkdə nələrin baş verə biləcəyini anlamaq üçün mümkün siyasətləri və ssenariləri indidən nəzərdən keçirmək lazımdır”.
“Azərbaycanı da içinə ala biləcək müdaxilələrə zəmin yaradır”
Azərbaycanın əsas hədəfinin Güney Azərbaycan olduğunu bildirən ekspert, yeni münaqişə ocaqlarının yaranmasını və Azərbaycanı da içinə ala biləcək müdaxilə variantlarının olmasını istisna etmir:
“Azərbaycan nöqteyi-nəzərindən, qeyd edildiyi kimi, Güney Azərbaycan məsələsi xüsusi önəm daşıyır. Çünki ortada milyonlarla azərbaycanlının taleyi ilə yanaşı, bölgənin statusu da ön plana çıxır. Milli kimlik hadisəsi olan Qarabağ müharibəsində də bu öz təsdiqini tapmışdır. Ona görə də bu mövzu Azərbaycan üçün həm etnik-milli məsələyə, həm də geosiyasi marağa çevrilir. Risklərə gəldikdə, mütləq şəkildə yeni münaqişə ocaqlarının meydana çıxması mümkündür və bu, Azərbaycanı da içinə ala biləcək müdaxilələrə zəmin yaradır”.
"Türkiyə ABŞ, Rusiya və Avropa ilə ortaq məxrəc tapmağa məcburdur"
Türkiyənin mövcud vəziyyətdə indiki status-kvonu dəstəkləməsinə aydınlıq gətirən Ə.Əlibəyli qeyd edib ki, qardaş ölkə İran mövzusunda qlobal güclərlə ortaq məxrəcə gəlməlidir:
“Diplomatik səviyyədə, təbii ki, Azərbaycan oradakı türklərin maraqlarını qoruyacaq, Türkiyə ilə koordinasiyalı siyasət yürüdəcək və Qərb gücləri ilə qlobal, balanslı münasibətlər qurmağa məcbur olacaq. Türkiyə üçün bölgədəki qeyri-sabitlik həm sərhəd təhlükəsizliyinə, həm də iqtisadiyyatına zərbə deməkdir. Mümkün "Kürdüstan" ideyası və xüsusən də kütləvi qaçqın axını onun təhlükəsizliyini bilavasitə təhdid edir. Buna görə də Türkiyə indiki status-kvonu dəstəkləməyə, Azərbaycanla birgə ortaq mövqedən çıxış etməyə və ABŞ, Rusiya, Avropa ilə ortaq məxrəc tapmağa məcburdur”.
"ABŞ və Avropa İranın parçalanmasını o qədər də istəmir"
Ekspertin fikrincə, ümumi qənaətin əksinə olaraq ABŞ və Avropa İranın tamamilə parçalanmasında maraqlı deyil: