Bayram süfrəsinin bəzəyi olan qoz, badam, fındıq və digər çərəzlər orqanizm üçün vacib olan vitamin, mineral və antioksidantlarla zəngindir. Zəngin tərkib sayəsində çərəzlər immuniteti möhkəmləndirir, həzm sisteminin fəaliyyətini dəstəkləyir, zehni aktivliyi artırır və qaraciyərin normal funksiyasına müsbət təsir göstərir. Mütəxəssislərin fikrincə, gün ərzində bir ovuc çərəz yemək bədəni ehtiyac duyduğu bir çox faydalı maddələrlə təmin edir.

Postxronika.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir ki, qurum bayram günlərində çərəz istehlakının artdığını nəzərə alaraq vətəndaşlara müraciət ünvanlayıb. Bildirilib ki, bu məhsulların həddindən artıq istehlakı artıq çəki, piylənmə, həzm pozğunluğu və allergik reaksiyalara səbəb ola bilər. Məhz buna görə də ölçüyə diqqət etmək və gündəlik normanı aşmamaq son dərəcə vacibdir.

Məlumatda çərəzlərin faydasını qorumaq və təhlükəsiz istehlakı üçün aşağıdakı qaydalara əməl olunması vurğulanır:

İstehlak forması: Faydalı xüsusiyyətləri maksimum qorumaq üçün çərəzləri çiy (qovrulmamış) və ya yüngül qovrulmuş halda yemək məqsədəuyğundur. Yüksək temperatur məhsulun tərkibindəki vitamin və mineralları azaldır.

Alarkən diqqət edilməli məqamlar: Çərəzin görünüşünə, rənginə, formasına və qoxusuna xüsusi diqqət yetirilməlidir. Qablaşdırılmış məhsul alarkən isə mütləq şəkildə istehsal və son istifadə tarixi yoxlanılmalıdır.

Kif və aflatoksin təhlükəsi: Düzgün şəraitdə saxlanılmayan çərəzlərdə zərərli maddələr olan aflatoksinlər yarana bilər. Kif bəzən sadəcə səthdə pambıqvari ləkələr kimi görünsə də, əslində məhsulun dərin qatlarına qədər yayılır. Bu səbəbdən çərəzin yalnız kifli hissəsini kəsib ataraq qalanını istifadə etmək sağlamlıq üçün təhlükəlidir.

Gigiyena və saxlama şəraiti: Xüsusilə açıq şəkildə satılan məhsulların toz və yad maddələrlə çirklənmə riski yüksək olduğundan, onları yeməzdən əvvəl yumaq tövsiyə olunur. Çərəzlərin dadını və xüsusiyyətlərini uzun müddət qorumaq üçün onları sərin, quru və qaranlıq mühitdə saxlamaq lazımdır.