Lənkəran rayonunun Sütəmurdov kəndində fəaliyyət göstərən toyuq kəsimi sexində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən yoxlama həyata keçirilib.

Postxronika.az quruma istinadən xəbər verir ki, müəssisəyə baxış zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

Araşdırmalar nəticəsində kəsim sexinin qanunsuz fəaliyyət göstərdiyi və ümumiyyətlə qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Bununla yanaşı, obyektdə bir sıra digər nöqsanlar da aşkarlanıb:

Temperatur rejiminə əməl edilməməsi;

Etiket məlumatlarının qanunvericiliyin tələblərinə uyğun olmaması;

Qida obyektinə qəbul edilən diri quşların müşayiətedici sənədlərinin yoxlamaya təqdim edilməməsi.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun olaraq inzibati protokol tərtib edilib. Həmçinin, məhsullardan nümunələr götürülərək laborator müayinələrə cəlb olunub və qanunsuz obyektin fəaliyyəti məhdudlaşdırılıb. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir.