“Bakı Beynəlxalq Dəniz Limanı” MMC-nin təşəbbüsü ilə Ələt qəsəbəsindəki məktəblilər üçün "RoboPort" robotika, kodlama və STEAM təlim proqramının üçüncü sessiyasının rəsmi açılış mərasimi keçirilib.
Postxronika.az "Azərbaycan Dəmir Yolları" (ADY) QSC-yə istinadən xəbər verir ki, bu layihə şagirdlərin müasir texnologiya və mühəndislik sahələrində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlib.
Yeni sessiya üçün keçirilən seçim mərhələsinə Ələt qəsəbəsində yerləşən 5 məktəbdən ümumilikdə 144 şagird müraciət edib. Keçirilən sorğuların və qiymətləndirmələrin nəticələrinə əsasən, onlardan 24 nəfəri təlimlərdə iştirak etmək hüququ qazanıb.
Təlim proqramı çərçivəsində seçilmiş şagirdlər hər birində 12 nəfər olmaqla iki qrupa bölünüb. Onlar robotika, kodlama və STEAM istiqamətlərini əhatə edən intensiv dərslərə cəlb olunublar. Qeyd edək ki, bu kurslar Bakı Limanının korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində təşkil olunur və iştirakçılar üçün tamamilə ödənişsiz həyata keçirilir.
Altı ay davam edəcək və 7 əsas moduldan ibarət olacaq tədris proqramını uğurla başa vuran şagirdlər rəsmi sertifikatla təmin olunacaqlar.